RU

"Bakı Gəmirqayırma Zavodu"na vergi güzəştlərinin edilməsi təklifi ilk oxunuşda qəbul edilib

Milli Məclis İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Qaradağ Sənaye Parkının rezidenti "Bakı Gəmirqayırma Zavodu" MMC-nin daha 6 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad olunması təklifini birinci oxunuşda qəbul edib.

Avtosfer.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəddə qeyd edilib ki, "Bakı Gəmiqayırma Zavodu" Xəzər regionunda ən böyük sənaye müəssisələrindən biridir və Azərbaycanın dəniz donanmasının müasirləşdirilməsinə müsbət töhfəsini verməkdədir. Zavod gəmilərin, dəniz və su nəqliyyatı vasitələrinin tikintisi, təmiri, təyinatının dəyişdirilməsi istiqamətində fəaliyyət göstərir və ölkəmizin gəmiçilik sahəsində idxaldan asılılığının azaldılması, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, həmçinin ixrac potensialının gücləndirilməsi baxımından böyük və strateji əhəmiyyətə malikdir.

Bildirilib ki, zavodun sifarişçilərə təqdim etdiyi və inşası hazırda davam edən tikinti layihələri üzrə qiymətlərin mövcud güzəşt və azadolmalar əsas götürülməklə tərtib olunduğunu və Vergi Məcəlləsinə əsasən sənaye parkının rezidenti kimi Zavoda verilən güzəşt və azadolmaların müddətinin başa çatmaq üzrə olduğunu nəzərə alaraq, sözügedən müddətin 2030-cu ilə qədər uzadılmasına zərurət yaranıb. Sənaye parkının rezidentlərinə verilən güzəştlərin müddətinin uzadılması praktikası olmadığından layihədə Zavoda verilən güzəştlərin müddətinin artırılması üçün Vergi Məcəlləsinin müvafiq bölmələrinə mənfəət, əmlak və torpaq vergilərindən azadolmaları ehtiva edən yeni maddələrin əlavə edilməsi nəzərdə tutulub.

Layihə qüvvəyə minəcəyi təqdirdə Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidentinə münasibətdə Vergi Məcəlləsi ilə tətbiq olunan güzəşt və azadolmaların (mənfəət, əmlak və torpaq vergisindən azadolma) müddəti yeni maddələr ilə tənzimlənəcək və 6 il müddəti (2030-cu ilin 31 dekabr tarixinə qədər) əhatə edəcək. Eyni zamanda Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidenti olaraq Zavodun fəaliyyəti üçün malların idxalına tətbiq olunan gömrük rüsumunun ödənilməsindən azadolma müddəti "Gömrük tarifi haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən uzadılacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Избранный
18
24
avtosfer.az

10Источники