RU

İnsan düşüncələrinin şifrəsini açan metod tapılıb

Stenford alimləri daxili nitqin deşifrə olunmasının mümkünlüyünü sübut etdilər...

Poliqon xəbər verir ki, Stenford Universitetinin alimləri ilk dəfə olaraq insanın daxili nitqini yəni yalnız öz-özünə düşündüyü sözləri və cümlələri deşifrə etməyin mümkünlüyünü elmi şəkildə sübut ediblər. Nəticələr nüfuzlu Cell jurnalında dərc olunub.

Yeni texnologiya "beyin-kompüter interfeysi" üzərində qurulub və beynin nitqi idarə edən sahəsindəki neyron aktivliyini izləyərək onu mətnə çevirir. Tədqiqatda ağır iflic yaşayan dörd nəfər iştirak edib. Onların beyninə mikroelektrod massivləri implantasiya olunub. Sistem, iştirakçılar sözləri ya ucadan tələffüz etməyə çalışarkən, ya da sadəcə onları zehnində "düşünərkən" yaranan neyron siqnalları analiz edib.

Məlum olub ki, daxili nitq danışıqla eyni beyin sahələrini aktivləşdirir, lakin siqnallar daha zəif olur. Alimlər süni intellektin köməyi ilə təsəvvür edilən sözləri və hətta bütöv cümlələri 74%-dək dəqiqliklə deşifrə edə biliblər. Sistem həmçinin spontan fikirləri də tanıyıb: məsələn, ekrandakı dairələri zehni olaraq sayarkən, alqoritm düzgün şəkildə ədədlərin ardıcıllığını təyin edib.

Layihənin müəlliflərindən biri, Bəncəmin Meşede-Krasa qeyd edib ki, əgər insan yalnız sözləri "düşünməklə" onları çatdıra bilirsə, bu, nitq pozuntusu olan şəxslər üçün daha sürətli və əlverişli ünsiyyət üsulu ola bilər.

Mühəndislər məxfilik məsələsini də nəzərə alaraq, sistemi yalnız xüsusi "zehni parol" vasitəsilə aktivləşdirməyi mümkün ediblər. Təcrübə göstərib ki, bu parol 98%-dən yuxarı dəqiqliklə tanınır.

Alimlər bildirirlər ki, texnologiya hələlik praktik istifadədən uzaqdır, lakin gələcəkdə danışıq qabiliyyətini itirmiş insanlara demək olar ki, sərbəst ünsiyyət qurmağa imkan verə bilər.

Poliqon.info

Избранный
12
poliqon.info

1Источники