Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına işgüzar səfərə gəlib -Foto
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Cənubi Afrika Respublikasının Keyptaun şəhərinə işgüzar səfərə gəlib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Keyptaun beynəlxalq hava limanda nümayəndə heyətini Cənubi Afrika Respublikası (CAR) Parlamentinin İctimai nəzarət komitəsinin sədri Cedrik Tomas Frolik, Azərbaycanın CAR-da müvəqqəti işlər vəkili Hüseyn Rəhimli və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərdə Milli Məclisin sədri "Böyük iyirmilik" (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak edəcək.
Sahibə Qafarovanın sammitdə çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.