Heydər Əliyev Sarayının səhnəsi dünya şöhrətli dramatik tenor Yusif Eyvazovun ilk dəfə Üzeyir Hacıbəylinin əfsanəvi “Koroğlu” operasından partiya ifa etməsi ilə Azərbaycanın mədəni həyatının mərkəzinə çevrildi. Bu musiqi gecəsi anşlaqla keçdi və uzun alqışlarla yekunlaşaraq bir daha Azərbaycan musiqisinin gücünü və onun dünya operası üçün əhəmiyyətini təsdiqlədi.
1937-ci ildə dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən yaradılmış “Koroğlu” operası Şərqdə Avropa üslubunda yazılmış, eyni zamanda dərin milli ənənələrlə zəngin əsər kimi tarixdə mühüm yer tutur. Xalq qəhrəmanının ədalətsizliyə və zülmə qarşı mübarizəsindən ilham alan opera azadlıq, şərəf və cəsarət mövzularını birləşdirir. Möhrəşəm xorları, qəhrəmanlıq ariyaları və muğamla ayrılmaz bağı “Koroğlu” operasını Azərbaycanın mədəni kimliyinin simvollarından birinə və dünya musiqisinin əsl incisinə çevirir.
Əsərin özəlliyi ondan ibarətdir ki, Üzeyir Hacıbəyli qəhrəmanlığı yüksək epik dramaturgiya ilə birləşdirərək və səhnə gücünü, müasir ahəngini qoruyub saxlayaraq zamana meydan oxuyan bir opera yaradıb. Miqyaslılığı və bədii bütövlüyü sayəsində “Koroğlu” haqlı olaraq milli musiqi sənətinin ensiklopediyası hesab olunur.
“La Skala” (Milan), “Kovent Qarden” (London), “Verona Arenası”, Vyana Dövlət Operası və Paris Milli Operası kimi nəhəng səhnələri fəth etmiş Yusif Eyvazov üçün bu çıxış sadəcə karyerasında yeni zirvə yüksəlişi ilə Vətənə qayıdış idi. Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsini icra edən Eyvazov beynəlxalq nüfuzu milli operanın dirçəldilməsi və yenilənməsi missiyası ilə birləşdirir.
“’Koroğlu’ partiyasını ifa etmək həyatımın və karyeramın ən əlamətdar anlarından biri oldu. Bu opera Azərbaycanın ruhunu əks etdirir. Onu belə bir səhnədə, öz xalqım üçün canlandırmaq böyük şərəf və nəhəng bir məsuliyyətdir. Bu gün biz təkcə tariximizə ehtiram göstərmədik, həm də onun gələcəyinə yeni bir səhifə açdıq. Əminəm ki, bundan sonra Azərbaycanda hər mövsümün ilk opera tamaşası məhz bu əsərlə açılacaq», — deyə Yusif Eyvazov bildirib.
Premyera mədəniyyət xadimlərini, diplomatları, sənətçiləri və musiqi həvəskarlarının yeni nəslini bir araya gətirərək gecəni əsl milli hadisəyə çevirdi. Bu anın rəmzi mənası aydın idi: dünya səviyyəli sənətkar doğma yurduna qayıdaraq onun ən böyük bəstəkarının şahəsərini yenidən və fərqli bir tərzdə təqdim edir, bununla da, Azərbaycan operası yenilənmiş dövrün astanasına qədəm qoyur.
Dünya miqyasında tanınan və aparıcı partiyaların – Radamesin (“Aida”), Kalafın (“Turandot”), De Grienin (“Manon Lesko”), Kanionun (“Məzhəkəçilər”) və bir çox digər rolların ifaçısı olan Eyvazov vokal virtuozluğu dərin dramatik təcəssümlə birləşdirmək bacarığı ilə məşhurdur. Onun “Koroğlu” partiyasındakı debütü yalnız repertuarında yeni mərhələ deyil, həm də istedadının universallığını təsdiqləyən növbəti sübut kimi Azərbaycan operasının dünya mədəniyyətinin xəritəsindəki mövqelərini möhkəmləndirdi.
Premyera uzun alqışlarla, tamaşaçıların ayaqüstə ehtiramı ilə başa çatdı və Yusif Eyvazovun ifasında “Koroğlu”nun sadəcə milli klassikanın dirçəldilməsi deyil, həm də Azərbaycan operasının yenidən doğuluşunun rəmzi olduğunu təsdiqlədi.
















