İspaniya mətbuatında "Real"ın yarımmüdafiəçisi Federiko Valverde ilə baş məşqçi Xabi Alonso arasında münasibətlərin pisləşdiyinə dait xəbərlər yayılıb.
Sportal.az xəbər verir ki, uruqvaylı futbolçunun müdafiəçi mövqeyində oynamaqdan imtina etdiyi iddia edilib. 27 yaşlı oyunçu açıqlama yayaraq yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib:
“Nüfuzuma zərər vuran bir neçə məqalə oxumuşam. Bilirəm ki, pis oyunlarım olub, bunun fərqindəyəm. Gizlənmirəm, tənqidlərin üzərinə birbaşa gedirəm. Həqiqətən çox kədərlənirəm.
İnsanlar mənim haqqımda çox şey deyə bilər, amma heç bir halda belə bir iddia irəli sürə bilməzlər ki, mən oynamaqdan imtina etmişəm. Mən bu klub üçün hər şeyimi, hətta daha artığını vermişəm. Sınıq və zədəli halda da meydanda olmuşam və heç vaxt şikayət etməmişəm, fasilə istəməmişəm.
Baş məşqçi ilə yaxşı münasibətim var, bu da mənə meydanda hansı mövqedə oynamağı üstün tutduğumu ona demək üçün kifayət qədər inam verir. Amma hər zaman, hər zaman açıq şəkildə bildirmişəm ki, istənilən mövqedə, istənilən səfərdə və hər oyunda oynamağa hazıram.
Ürəyimi və ruhumu bu kluba qoymuşam və bunu davam etdirəcəyəm, hətta bəzən kifayət etməsə də, ya da istədiyim kimi oynamasam belə.
Qüruruma and içirəm ki, heç vaxt təslim olmayacağam və sona qədər mübarizə aparacağam, harada ehtiyac varsa, orada oynayacağam.”
saytlarin hazirlanmasi