RU

Trampın üçüncü çətin cəhdi - dünya dəstəkləyir, amma...


Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın Qəzza bölgəsində münaqişəyə son qoyulması üçün hərtərəfli planının elan edilməsini alqışlayıb. Bu xüsusda nazirlik bildirib: “Biz ABŞ prezidenti Donald Tramp tərəfindən Qəzza münaqişəsinə son qoyulması üçün hərtərəfli planın elan edilməsini alqışlayırıq.

Davamlı və ədalətli sülh səmimi öhdəlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir. Əsirlər və girovların mübadiləsi, əhalinin humanitar ehtiyaclarının qarşılanması etimadın yaradılması və gərginliyin azaldılması yolu ilə uzunmüddətli sabitliyə və siyasi nizamlanmaya yol açmaq üçün həyati əhəmiyyət kəsb edir. Yalnız dialoq və xoşməramlılıq yolu ilə iki dövlətli həllin əsasını təşkil edən uzunmüddətli nizamlanmaya nail olmaq olar”.

Qeyd edək ki, Ağ Ev Donald Trampın Qəzzadakı münaqişəyə son qoymaq məqsədi daşıyan 20 bəndlik tamformatlı sülh planını açıqlayıb. Plana əsasən, dərhal atəşkəs elan edilməli və İsrail qoşunları bölgədən çıxarılmalıdır. Əvəzində isə girovların azad olunması nəzərdə tutulur. Sənədə görə, İsrail təklifi qəbul etdikdən sonra girovların azad olunması üçün 72 saat vaxt veriləcək: “Bütün girovlar azad olunduqdan sonra İsrail ömürlük həbsdə olan 250 nəfəri və 2023-cü il oktyabrın 7-dən sonra saxlanılan 1 700 mülki sakini təhvil verməlidir”. Bununla yanaşı, ABŞ-ın beynəlxalq tərəfdaşlarla birlikdə Qəzza üçün müvəqqəti Beynəlxalq Sabitlik Qüvvələrini yaratmaq üçün əməkdaşlıq edəcəyi vurğulanır. Trampın planında, həmçinin bölgədə iştirakçı ölkələr üçün güzəştli şərtlərin tətbiq ediləcəyi xüsusi iqtisadi zonanın yaradılması da nəzərdə tutulur. Sənədə silahı yerə qoyub dinc yanaşı yaşamağa razı olan HƏMAS üzvlərinin əfv olunması da daxildir. Qəzzanı tərk etmək istəyənlərə digər ölkələrə təhlükəsiz keçid imkanı veriləcək. HƏMAS və digər qruplar Qəzzanın idarəçiliyində birbaşa, dolayı və ya hər hansı formada iştirak etməməlidirlər. Qəzzaya nəzarət müvəqqəti olaraq texnokrat, siyasi mənsubiyyəti olmayan Fələstin Komitəsinə tapşırılacaq. Bu komitə Qəzza əhalisinin gündəlik xidmət və bələdiyyə işlərinin təmin edilməsinə cavabdeh olacaq. Komitənin üzvləri fələstinlilər və beynəlxalq ekspertlərdən ibarət olacaq, fəaliyyətinə isə yeni beynəlxalq keçid orqanı – ABŞ prezidentinin rəhbərlik edəcəyi "Sülh Şurası" nəzarət edəcək. Plan Qəzzanın İsrail tərəfindən işğalını və ya ilhaqını, eləcə də əhalinin zorla köçürülməsini istisna edir. Dünyanın demək olar ki, bütün ölkələri, o cümlədən Aİ üzvləri, Böyük Britaniya və ərəb-müsəlman dünyası Trampın planını dəstəkləyib.

Misir, İordaniya, İndoneziya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirləri “Donald Trampın rəhbərliyini və Qəzza zolağında müharibəyə son qoymaq üçün göstərdiyi səmimi səyləri alqışladıqlarını və onun sülhə gedən yol tapmaq qabiliyyətinə inamlarını bir daha təsdiqlədiklərini” ifadə edən birgə bəyanat yayıblar. Kremlin mətbuat katibi Dmitri Peskov da oxşar bəyanatla çıxış edib: “Rusiya hər zaman Trampın hazırda baş verən faciənin qarşısını almaq məqsədi daşıyan istənilən səyini dəstəkləyir və alqışlayır”. Almaniya kanslerinin sözçüsü Stefan Kornelius bu planı “müharibəyə son qoymaq üçün ən yaxşı şans” adlandırsa da, qeyd edib ki, HƏMAS da planla razılaşmalı və sülh yolunu açmalıdır. Münaqişə tərəfləri də Trampın planı ilə bağlı mövqelərini açıqlayıblar. Nbaş nazir Benyamin etanyahu Trampın iştirakı ilə girovların qaytarılmasına və HƏMAS-ın Qəzzada hərbi potensialının və siyasi üstünlüyünün” aradan qaldırılmasına ümid edərək, Amerikanın təkliflərini dəstəklədiyini açıq şəkildə bildirib: “Əgər HƏMAS planı rədd etsə və ya qəbul etsə, amma mahiyyətcə ona qarşı çıxmaq üçün mümkün olan hər şeyi etsə, o zaman İsrail işi özü bitirəcək”. Qəzzanın demilitarizasiyası məsələsinə aydınlıq gətirərək, o qeyd edib: “İsrail yaxın gələcəkdə təhlükəsizlik perimetri də daxil olmaqla təhlükəsizlik nəzarətini saxlayacaq”. Üstəlik, təkcə HƏMAS deyil, həm də İordan çayının qərb sahilindən olan Fələstin Milli Administrasiyası anklavı idarə etməməlidir. HƏMAS isə hələ də Trampın planını öyrənir və hələlik rəsmi cavab verməyib. Bununla belə, HƏMAS-ın yüksək səviyyəli üzvü Taher əl-Nunu “Al Arabiya”ya müsahibəsində qeyd edib ki, texnokratik hökuməti qəbul etsələr belə, fələstinlilər işğal altında qaldıqları müddətdə silahlarını yerə qoymayacaqlar. HƏMAS-ın müttəfiqi “İslami Cihad” hesab edir ki, Trampın planı İsrailin təcavüzünün davam etməsi deməkdir. Hərəkatın baş katibi Ziad əl-Nahhal qeyd edib: “Tramp və Netanyahunun son mətbuat konfransında açıqladığı şey, ABŞ və İsrail arasında ciddi bir razılaşmadır. Onun həyata keçirilməsi yalnız Fələstin xalqına qarşı müharibənin davam etdirilməsinə və Yaxın Şərqdəki vəziyyətdə partlayışa səbəb olacaq”. Region ölkələri HƏMAS-ın davranışına təsir edə bilər, ona görə də Tramp onlara arxalanır. “Financial Times”ın məlumatına görə, Türkiyə və ərəb ölkələrinin Qəzzaya sülhməramlılarını göndərəcəyi gözlənilir. Üstəlik, Tramp HƏMAS-ı tərksilah etmək vəzifəsini onlara tapşırır. Bu, Trampın Qəzza münaqişəsini həll etmək üçün üçüncü cəhdidir. Birincisi 19 yanvar - 18 mart aralığında iki ay davam etdi. İkincisi, iyulda Qətərdə danışıqların intensivləşdirilməsini əhatə etdi, lakin İsrailin sentyabrın 9-da Dohaya hücumu sülh prosesinə son qoydu. ABŞ prezidentinin bu dəfə davamlı sülhün bərqərar olmasına nail olub-olmayacağı bir çox amillərdən asılıdır. Bunlardan başlıcası İsrailin Qəzzadan çəkilməyə hazır olması və HƏMAS-ın siyasi güc və silahları təslim etməsi ilə bağlı razılaşmadır. HƏMAS qorxur ki, silahlarının təhvil verilməsi Qəzza zolağının işğalını davam etdirmək üçün İsrailə əlavə imkan verəcək.Bundan əlavə, müharibənin davam etdirilməsi daxili siyasi səbəblərə görə İsrailin baş nazirinin xeyrinədir. Axı sülh İsraildə korrupsiya təqiblərinin gücləndirilməsi demək olardı və koalisiyanın ifrat sağçı tərəfdaşlarının HƏMAS ilə razılığa gəlməkdən imtina etməsi səbəbindən koalisiyanın dağılması riski də var. Dini sionizm partiyasının lideri, maliyyə naziri Bezalel Smotriç artıq Trampın planını “faciə” və “diplomatik uğursuzluq” adlandırıb.

Samirə SƏFƏROVA

Избранный
42
50
baki-xeber.com

10Источники