RU

Qərbi azərbaycanlılar əmindirlər ki, öz yurdlarına təhlükəsiz qayıdışları beynəlxalq səviyyədə həllini tapacaq

Zənginliklər diyarı olan Azərbaycan hər daşında tarix, hər zərrəsində hikmət gizlənmiş müqəddəs məkandır. Vətənimiz yalnız yeraltı, yerüstü sərvətləri ilə deyil, həm də mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləri ilə dünyada tanınır. Bu zənginliklərin ən nadir incilərindən biri Talış dağlarının qoynunda, dumana bürünmüş meşələrin arasında gizlənmiş Lerikdir.

İnsan bu torpaqlara qədəm qoyanda sanki zaman dayanır. Tanrının xüsusi məhəbbətlə yaratdığı bu guşə təmiz havası, zümrüd meşələri, buz bulaqları, min dərdə dəva bitkiləri ilə dirilik mənbəyinə çevrilib. Lerikin insanları isə əsrlər boyu zamana meydan oxuyaraq uzunömürlülük sirrini yaşadıblar. Elə buna görə də dünyanın yeganə Uzunömürlülər muzeyi məhz burada yerləşir.

Yüzillik şahidlər...

Unikal bölgənin fenomenini dünyaya tanıdan muzey 1991-ci ildə Tarix-diyarşünaslıq muzeyinin filialı kimi fəaliyyətə başlayıb, daha sonra müstəqil mədəniyyət mərkəzinə çevrilib. Müasir memarlıq üslübunda inşa olunan yeni bina 2010-cu ilin iyununda istifadəyə verilib. Açılışda Prezident İlham Əliyev də iştirak edib, məkanla yaxından tanış olub.

Muzeydə yaşı yüzdən yuxarı olan insanların həyat hekayələri, fotoşəkilləri, məişət əşyaları, kənd təsərrüfatı alətləri, əl işləri və sadə, lakin hikmət dolu həyat tərzlərini əks etdirən eksponatlar nümayiş olunur. Burada hər portret sanki dilə gələrək ömür sirlərini danışır. Muzeyin divarlarını bəzəyən təxminən 40 foto 1930-cu ildə  fransız fotoqraf Fredrik  Laşop tərəfindən hədiyyə edilib. Həmin əsərlər vaxtilə fotoqrafın Parisdə təşkil etdiyi "Uzunömürlülər diyarına səyahət" sərgisində nümayiş edilmişdir.

Muzeyin bələdçisi Səmayə Quliyevanın sözlərinə görə, iki salondan ibarət məkanda 1417 eksponat sərgilənir. Onların əksəriyyəti Lerik sakinləri tərəfindən könüllü olaraq təqdim olunub. Birinci salonda 168 il yaşamış Şirəli Müslümovun, 150 il ömür sürmüş Mahmud Eyvazovun, 136 yaşında dünyasını dəyişmiş Məcid Ağayevin, 120 il doğma ocağından bir gün belə ayrılmayan Nəni Əhədovanın, 125 yaşlı Həsrət Məlikovun həyat tərzini əks etdirən nümunələr təqdim olunur. Dağ kəndlərində yaşayan, bir əsrin dizini qatlamış uzunömürlülər barədə eksponatlar ikinci salonda təqdim olunur. 113 yaşlı Məhbubə Fətullayevanın, 107 yaşlı Hacınisə Şahpələngovanın, 103 yaşlı Arəstə İbadovanın, 105 yaşlı Gülbanu Rüstəmovanın və digər uzunömürlülərin şəxsi əşyaları - ağacdan hazırlanmış qaşıqlar, əsalar, yun corablar, xurcunlar, sandıqlar və digər əl işləri sərgilənir.

Bələdçi deyir ki, şüşə qutulardakı dini kitablar, canamaz və möhürlər isə Lerikin ağsaqqallar və ağbirçəklərinin ən çətin dövrlərdə belə dinə, əqidəyə və ənənələrə sədaqətini nümayiş etdirir. Üçəsrlik ütülər, qədim sandıqlar, gümüş qablar, əl əməyi xalçalar diqqət çəkən eksponatlardandır. Maraqlı məqam isə odur ki, muzeydəki xalçaların toxunmasında istifadə olunan saplar bitkilərdən istifadə olunub rəngləndiyi üçün yüzilliklər keçsə də, rəngləri solmayıb, aşınmayıb. Onların hər biri bir ömrün, əsrin canlı şahidi kimi muzey ziyarətçilərinə həyat dərsi verir.

Dilə gələn xatirələr...

Muzeyin ən çox maraq doğuran guşələrindən biri dünyanın qeyri-rəsmi olaraq ən uzunömürlü insanı hesab edilən Şirəli Müslümova həsr olunub. 1805-ci ildə Lerikin Barzavu kəndində doğulan Şirəli baba 168 il ömür sürüb. O, 3 dəfə evlənib, 23 övladı olub. 136 yaşında 3-cü dəfə evlənən Şirəli babanın bu evlilikdən bir qızının dünyaya gəlməsi haqqında məlumatlar uzunömürlülük fenomenini daha da maraqlı edir. Babanın yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Şirəli babanın həyatına dair 1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən "Şirəli dağdan endi" adlı sənədli film çəkilib. Bu film sonradan 20-dən çox xarici dilə tərcümə olunaraq geniş tamaşaçı kütləsinə təqdim olunub.

Deyilənə görə, Şirəli baba ilk dəfə 1972-ci ildə, ölümündən bir il əvvəl xəstələnib. 168 yaşında vəfat edəndə nəvəsinin 100 yaşı olub. Onun uzunömürlülüyünün səbəbi kimi dağ havası, sadə həyat tərzi, təbii qiadalanma və əlbəttə ki, genetika göstərilir. Belə ki, Şirəli babanın atasının 110, anasının isə 90 il ömür sürdüyü bildirilir.

Şirəli babadan sonra Lerikin ən uzunömürlü sakini Mahmud Eyvazov olub. Səmayə Quliyeva deyir ki, 1808-ci ildə rayonun Pirəsora kəndində anadan olan Mahmud Eyvazov 150 yaşına qədər at belində gəzib. Onun adına 1956-cı ildə SSRİ-də poçt markası buraxılıb. O zaman Mahmud babanın qızı 120 yaşında imiş. 

152 yaşlı Mahmud baba 1960-cı il dekabrın 3-də Pirəsora kəndində dünyasını dəyişib.

Lerikin ən uzunömürlü qadını isə 134 yaşlı Cəngəmiran kənd sakini Qızıl Quliyeva sayılır. Bələdçi xanım deyir ki, indi Lerikdə yaşı 85-100 yaş arasında yüzə yaxın uzunömürlü yaşayır. Hazırda Lerik rayon Rvarud kəndində anadan olan 135 yaşlı Tamam nənə bu torpağın canlı yaddaşıdır. Uzunömürlülərdən olan Şahbacı nənənin isə sənəddə yaşı 95 yazılsa da, yaşıdlarının o zaman verdiyi məlumata görə 106-ya yaxındır. Yaşayan uzunömürlülər haqqında məlumat toplanıb muzeyə təqdim edilməsi üzrə işlər gedir.

Uzunömürlülər muzeyi təkcə bir sərgi yeri deyil. Bu məkan bizə sadə, amma dəyərli bir həqiqəti xatırladır: uzunömürlülüyün sirri zəhmətkeşlikdə, təbiətə bağlılıqda və mənəvi rahatlıqdadır. Muzeydən çıxarkən ziyarətçilərin xatirə kitabına yazdığı ürək sözləri də sübut edir ki, bura yalnız tarixi guşə deyil, həm də ömrün əsl dəyərini anladan ünvandır.

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Избранный
122
azerbaijan-news.az

1Источники