Dünya üzrə orta ömür müddəti qadınlarda 73,8 il, kişilərdə isə 68,4 il təşkil edir. Qadınlarla kişilər arasındakı bu “ömür fərqinin” səbəbi uzun illərdir tam olaraq bilinmirdi.
Leipziqdəki Max Planck Evolyusion Antropologiya İnstitutunun alimlərinin apardığı araşdırmaya görə, bu fərqin əsas səbəbi “heterogametik cinsiyyət nəzəriyyəsi”dir.
Kişilər X və Y xromosomuna malik olduqları üçün “heterogametik cinsiyyət” hesab olunurlar.
Qadınlarda isə iki X xromosomu olduğundan, genetik baxımdan daha üstün mövqedədirlər.
Bu genetik fərqlilik kişiləri zərərli mutasiyalara və müxtəlif xəstəliklərə daha həssas edir. Nəticədə onların orta ömür müddəti qadınlardan qısa olur.
Araşdırmanın müəlliflərindən Dr. Fernando Kolçero belə deyib:
“Heterogametik cinsiyyət faktoru bu suala qismən cavabdır. Lakin fərqin yaranmasında təkcə bu deyil, eyni zamanda insanın təkamül tarixi ilə bağlı başqa amillər də mühüm rol oynayır.”
Tarix boyu dəyişməyən həqiqət
Qadınların kişilərdən daha uzun yaşadığı fakt 1740-cı illərdən bəri məlumdur. Bu hal yalnız müasir dövrdə deyil, demək olar ki, bütün ölkələrdə və tarix boyu müşahidə edilib. Maraqlıdır ki, oxşar meyl yalnız insanlarda deyil, bəzi məməlilərdə də görülür. Məsələn, babun və qoril dişiləri kişilərdən daha uzun ömür sürür.
Amma təbiətdə hər zaman eyni mənzərə yoxdur:
Quşlar, bəzi sürünənlər və müəyyən həşərat növlərində isə kişilər daha uzun yaşayır.
Məsələni daha dəqiq öyrənmək üçün alimlər dünyanın müxtəlif zooparklarında yaşayan 528 məməli və 648 quş növünün məlumatlarını araşdırıblar. Nəticələr göstərib ki, növlər arasındakı bioloji fərqliliklər ömür müddətinə birbaşa təsir göstərir.