RU

Məktəblərdə xoşagəlməz hal yaşana bilər – 3 gün qaldı…

Beynəlxalq Müəllimlər günü (5 oktyabr) yaxınlaşdıqca məktəblərdə pul yığımı məsələsi yenidən gündəmə gəlib. 

Bununla konkret mübarizə üsulu nədir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, Emin Əmrullayev məsələni üzərindən ataraq, nazirliyin yalnız tənzimləyici qurum olduğunu və məktəblərin işinə qarışmadığını bildirib:

“Bu yanaşma absurddur və sanki ölkənin təhsil naziri deyil, qeyri-hökumət təşkilatının rəhbəri danışır. Məktəblərdə pul yığılmasının əsas səbəbi idarəetmə orqanlarının iflic vəziyyətidir. Bu qurumlar təhsil prosesini nə idarə edə, nə də tənzimləyə bilir. Halbuki tənzimləyici orqan qanunvericiliyə uyğun fəaliyyətin təşkilini təmin etməlidir. Mövcud vəziyyət isə göstərir ki, nazirlik təhsil müəssisələrinin qanuna uyğun işləməsini təmin edə bilmir. Təəssüf ki, təhsil sahəsində təcrübəsi və bilikləri olmayan şəxslər qərarverici mövqelərə gətirilir. Nəticədə məktəblərdə pul yığımı kütləvi hal alıb. Azərbaycan təhsil tarixində bu qədər geniş yayılmış neqativ hallara rast gəlinməyib. Hələ də sistem daxilində təhsilə biznes kimi yanaşan, müxtəlif layihə və təlimlər adı altında vəsaitlər silən qruplar mövcuddur. Bu, durumu daha da ağırlaşdırır”.

Ekspert bildirib ki, problemin kökü nəzarət sisteminin zəifliyi və idarəetmənin işləməməsidir:

“Bunun məsuliyyəti isə birbaşa Elm və Təhsil Nazirliyinin rəhbərliyinin üzərinə düşür. Nazir hər dəfə bu mövzulardan yayınmağa çalışsa da, nəticədə durumu daha da çətinləşdirir. Pul yığımı ilə mübarizə aparmaq üçün ilk növbədə idarəetmə orqanları işlək vəziyyətə gətirilməlidir. Hansı məktəbdə direktor pul yığırsa, orada müəllim və müavinlərin də eyni işi görməsi qaçılmazdır. Bununla belə, şəffaf çalışan məktəb direktorları və müavinləri də az deyil. Təəssüf ki, idarəetmə orqanları bunu görmür və əksinə, qanuna uyğun işləyən direktorları sıxışdırır. Əvəzində isə neqativ halların olduğu məktəblərin rəhbərləri dəstəklənir və irəli çəkilir. Nazir və komandası təhsil sistemində olduğu müddətdə ciddi dəyişikliklərin baş verəcəyini düşünmək çətindir. Əks halda, məsələ cəmiyyətin üzərinə atılacaq və guya insanların pul vermək istədiyi deyiləcək. Bu, riyakar yanaşmadır”.

Qeyd edək ki, 2024‑2025‑ci tədris ilində Azərbaycanda ümumi təhsil müəssisələrində 146 400‑ə qədər müəllim çalışıb.

Избранный
10
1
konkret.az

2Источники