RU

Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair bu ilin III rübünü əks etdirən statistik məlumatları açıqlayıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) 2023-cü ilin may ayından etibarən xidməti fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli tədbirlər həyata keçirib, bu dövr ərzində normativ-hüquqi bazanın təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi sahəsində kompleks işlər görülüb. Belə ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə aparılmış xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin müvafiq dövründə 143 əməkdaş (onlardan 54-ü rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən cari ildə 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 35 fakt üzrə 75 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Bu barədə AZƏRTAC-a SHXÇDX-dən məlumat verilib.

Bildirilib ki, “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı dörd yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi 2024-cü il iyulun 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və bu sahədə aparılan optimallaşdırma tədbirləri korrupsiya risklərinin azaldılmasına, idarəetmədə operativliyin və obyektivliyin təmin olunmasına, ümumilikdə isə fəaliyyətin şəffaflığının artırılmasına müsbət təsir göstərməkdədir.

Vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Hazırda “Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi”, “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə”, “Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair”, “Həqiqi hərbi xidmət keçmə haqqında”, “Müddətli həqiqi hərbi xidmət barədə” və “Hərbi qeydiyyat haqqında” arayışlar “MyGov” mobil tətbiqi üzərindən vətəndaşlara təqdim olunur.

Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə 9100 Çağrı mərkəzinə və ya [email protected] elektron poçt ünvanına müraciət etmələri, həmçinin elektron xidmətlərdən yararlanmaq və “MyGov” platformasına qoşulmaq üçün elektron kabinetlərin yaradılması tövsiyə olunur.

SHXÇDX fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
34
azertag.az

10Источники