Seçmə mərhələnin sonuna kimi milli komandanın başında olacaq Ayxan Abbasov məşqçilər korpusunda da dəyişiklik edəcək.
Rekord.az xəbər verir ki, qapıçılarla işləyən Kamran Ağayev yeni komandada yer almayacaq.
Onun yerinə hazırda bir neçə namizəd gözdən keçirilir. Əldə etdiyimiz məlumata görə, bu namizədlər arasında Kamal Bayramov da var. Həm "Turan Tovuz"da, həm də "Şamaxı"da Ayxan Abbasovla birlikdə çalışmış Bayramov etibarlı dostlardan sayılır və bu mənada onun milliyə təyinatı real görünür. Düzdür, Abbasovun komandasında Kamil Qafarov var. Lakin millinin toplanışı zamanı problem yarana bilər. Çünki digər köməkçilərin sayı bir neçə nəfər olduğu üçün kimisə "Şamaxı"da saxlayıb komandanın məşqlərini ona tapşırmaq olur. Lakin qapıçı-məşqçi bir nəfər olduğu üçün onun da milliyə qoşulacağl təqdirdə "Şamaxı"nın qapıçıları faktiki məşqçisiz qalır. Bu mənada Qafarovun "Şamaxı"da qalması daha münasib görünür. Milliyə isə başqa təyinat gerçəkləşəcək. Ümumilikdə bu məsələyə Fransa və İslandiya ilə oyunldardan sonra aydınlıqü gələcək.