RU

Millinin yeni baş məşqçisi: “Mən bu suala cavab verə bilməyəcəm”

Ayxan Abbasov Azərbaycan millisinin baş məşqçi yükünü daşımaqda davam edəcək.

Sentyabrın 9-daUkrayna ilə oyunda gözlənilmədən 1:1 hesabının qeydə alınması AFFA rəhbərliyini ən doğru qərarı verməyə məcbur etdi ki, “Şamaxı”nı da çalışdıran mütəxəssis U-21-dən əsas yığmaya dəvət olundu.

Abbasovun təyinatı açıqlansa da, müqavilənin hansı müddəti əhatə etməsi, həmçinin baş məşqçinin qarşısına hansı tələblərin qoyulması barədə konkretlilik yoxdur.

Ayxan bəylə Şamaxıda – “Shamakhı Palace”dakı iş otağında baş tutan 15 dəqiqəlik söhbətimizdə sualların böyük əksəriyyətinə cavab tapa bilsəm də, bir mövzuyla bağlı “sandığı açmaq” istəmədi.

- Nəhayət, yerli məşqçi arzumuza çatdıq. Təbrik edirəm, yeni işinizdə uğurlar arzulayıram.

- Diqqətiniz və xoş sözləriniz üçün təşəkkür edirəm. Azərbaycan millisinin baş məşqçisi olmaq mənim üçün qürurvericidir. Hər bir məşqçinin arzuladığı səviyyədir. Bütün bilik və bacarığımızı ortaya qoyub, futbolumuza xidmət etməyə çalışacağıq.

- Müqavilənin rəsmiləşməsi ilə bağlı yubanmadan başlayaq. Nə ilə bağlı idi? Hansı nöqtələrdə fikir ayrılıqları yaşanırdı?

- Ukrayna ilə oyundan sonra müəyyən danışıqlarımız olmuşdu. Milliyə kömək lazımdırsa, azərbaycanlı olaraq yaxamızı kənara çəkə bilməzdik. Xeyli vaxtdır həm sizin, həm azarkeşlərin, həm də mütəxəssislərin əsas istəyi milli komandanı azərbaycanlı mütəxəssisin çalışdırması idi. Bu iş mənə qismət olubsa, deməli, həm də böyük məsuliyyət var. Rəhbərliklə aramızda fikir mübadiləsi olmuşdu. Lakin bəzi məsələlər var ki, onlarla bağlı AFFA rəhbərliyindən cavab gözləyirdim. Milli komanda tək baş məşqçidən ibarət deyil. Burada köməkçilərin və inzibati işçilərin varlığı da əsas şərtdir. U-21-də birlikdə çalışdığım komanda var idi ki, əsas millidə də onlarla birlikdə işləmək istəyirdim. Həm bu, həm də gələcək planlarla bağlı müzakirələrimiz davam edirdi. Müraciət etdiyim məsələlərdə mənə dəstək göstərən və inanan şəxslərə təşəkkür edirəm.

- Belə başa düşdüm ki, dəyişikliklər təkcə köməkçilərinizlə bağlı deyil. Strukturu yeniləyirsiniz.

- Bəli.

- Müqavilə müddəti ilə bağlı razılığınız necə olub? Çünki AFFA qeyd etdiyim məsələ ilə bağlı rəsmi xəbər yaymayıb.

- Bu, assosiasiya ilə aramızda olan danışıq və məxfi razılıqdır. Bu suala cavab verə bilməyəcəm. Qarşıda bizi çətin oyunlar gözləyir, vaxtımız isə azdır. Bu dəqiqə xırdalıqlara getməyi məqsədəuyğun hesab etmirəm. Gələcəkdə bununla bağlı geniş məlumat veriləcək. Əsas odur ki, aramızda qarşılıqlı inam var və mən özümə qarşı dəstəyi hiss etdim.

- Fransa, Ukrayna, İslandiya kimi rəqiblərin yer aldığı qrupda “hədəf nə olacaq?” sualı bəlkə də gülməli səslənər. Sualı belə verim, baş məşqçi olaraq milli ilə bağlı qarşınızda duran məqsəd, hədəf nədir?

- Bu dəqiqə başlıca məqsədimiz hər bir futbolçunun əyninə geyindiyi şanlı formanın dəyərini bilib, meydandakı mübarizə əzmini artırmaqdır. Bunun müəyyən qismini Ukrayna ilə matçda gördük. Açıq danışaq, bəli, rəqiblərimiz çox güclüdür. Lakin bu o demək deyil ki, rəqiblər güclü olanda qorxmalıyıq, əllərimizi yanımıza salmalıyıq. Fransa millisinə qarşı oynamaq hər bir futbolçu üçün motivasiya olmalıdır. Belə deyim, millidə ilk məqsədim komanda ruhunu formalaşdırmaq, milli dəyərlərin vacibliyini ön plana çəkməkdir. Buna nail olmaqla yanaşı, görmək istədiyimiz sistemi tətbiq edəcəyik. Futbolda sistem çox önəmlidir. Hətta fərdi keyfiyyət baxımından rəqibdən geri qalanda belə, sistemin işləməsi bizə çox kömək edə bilər. Yığmada işləməyən dönəmdə də deyirdim ki, Avropanın aparıcı liqalarında oynaya biləcək istedadlı futbolçularımız var. Bunu Ukrayna ilə matçda gördük. Oyundan-oyuna daha yaxşı milli görəcəyimizə ümid edirəm.

- Köməkçilərinizin adları məlumdur?

- U-21-də çalışdığım heyətdir. Əsas köməkçi Elnur Çodarov, qapıçılarla işləyən Kamil Qafarov, analitiklər Vüqar Mustafayevlə Cavad Mirzəyev, fiziki hazırlıq üzrə məşqçi Vüsal Qarayevlə birlikdə çalışacağıq.

- Əvvəlki toplanışlarla müqayisədə rotasiyalar olacaq? Yeni adlar görmək mümkündür?

- Çox da olmasa, müəyyən yeniliklər mümkündür. İki yeni futbolçu ola bilər.

- İlk dəfə çağrılacaqlar, yoxsa daha öncə millidə gördüklərimizdəndir?

- Hər iki variant mümkündür. Qarşıdakı turu diqqətdə saxlayacağıq. Bəzi mövqelər var ki, detallı şəkildə analiz edəndən sonra qərar verəcəyik.

- I Liqadan sürpriz ad ola bilər? Fernandu Santuş ötən mövsüm Şahin Şəhniyarova dəvət göndərməklə bu mənada ilkə imza atmışdı.

- U-21-dəki futbolçuları yaxşı tanıyıram və əminliklə deyə bilərəm ki, 4-5 nəfər əsas milliyə namizəd ola bilər. Ancaq mənim üçün önəmli olan gənc futbolçuların beynəlxalq təcrübəni artırmasıdır. Gənclər millisinin heyətində Portuqaliya, Şotlandiya, Çexiya kimi rəqiblərə qarşı 90 dəqiqə oynamaqları ciddi təcrübə deməkdir. Allah nəsib edərdə, növbəti seçmə mərhələlərdə gənclərə yol açıqlacaq. O cümlədən I Liqada top qovan futbolçular. Bu mövzu bu gün aktual deyil. Gələcəkdə yeniliklər ola bilər.

- Siyahını 7-ci turdan əvvəl açıqlayacaqsınız, yoxsa tur başa çatan kimi?

- Turun gedişində. Oktyabrın 4-5-də.

- Sələflərinizin yolu ilə gedib, ad xatirinə gəncləri əsas milliyə dəvət edib ehtiyatda saxlamayacağınızı demək istəyirsiniz.

- Gənclərin inkişafı çox önəmlidir. Məsələn, Xəyal Əliyev, Şahin Şahniyarov kimi futbolçular böyük potensiala sahibdir. Lakin bu gün həmin oyunçuların Şotlandiya və Çexiyaya qarşı 90 dəqiqə oynaması onların inkişafına daha çox təkan verə bilər. O cümlədən Rüfət Abbasov, Edqar Adilxanov və digərləri.

- Xatırlayıram, U-21-ə baş məşqçi təyin olunanda himn mövzusuna həssas yanaşacağınızı demişdiniz. Gimaraynşda Portuqaliya ilə matçdan əvvəl futbolçuların Dövlət Himnini içdən oxuması yerli azarkeşlərin alqışı ilə müşayiət olunmasının canlı şahidiyəm. Əsas millidə də bu prinsipi davam etdirəcəksiniz?

- Ukrayna ilə oyunla bağlı günyarım millidə olanda futbolçulardakı istəyi gördüm. Həmişə deyirəm, nəyəsə nail olmaq istəyiriksə, aşağı yaşlardan başlamalıyıq. Futbolçu aşağı yaş qruplarından ibarət millilərdə hər şeyi öyrənəndə əsas yığmaya hazır gəlir. Qeyd etdiyiniz kimi, Portuqaliya ilə səfər qarşılaşmasında futbolçularımızın himni ürəkdən, sevə-sevə oxumasının azarkeşlər tərəfindən alqışlanması martdan bu yana gördüyümüz işin bəhrəsi idi. Futbolçularıma tapşırmışdım ki, himn oxunan zaman bütün stadion Azərbaycan sözünü eşitməlidir. Kimsə deyə bilər ki, bu, futboldur, himn oxumaqla futbol olmur. Amma yox. Məhz bu məqamın özü milli ruhun formalaşmasında, qorunmasında bizə böyük təkan verəcək. O ki qaldı sualınıza, milli komandadakı futbolçular daha peşəkardır. Ukrayna ilə qarşılaşmadan əvvəl Elvin Cəfərquliyevin himnimizi ürəkdən necə oxuduğunu görəndə, deyiləcək sözüm qalmadı.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
34
sportinfo.az

1Источники