RU

AzMİU-da "Orta Dəhliz” mövzusunda kitab təqdimatı keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Orta Dəhliz” mövzusunda elmi-praktik təlim və kitab təqdimatı keçirilib. 

Universitetdən AzEdu.az-a bildirilib ki, təlim İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini, iqtisad elmləri doktoru Ramil Hüseynov və “Tranzit İcmal”ın məsləhətçisi, nəqliyyat eksperti Rauf Ağamirzəyev tərəfindən aparılıb.

Tədbirdə AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, magistrantlar, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.

AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov tədbirin universitetin 50 illik yubileyinə hazırlıq kontekstində xüsusi önəm daşıdığını bildirib. O, Orta Dəhliz mövzusunun AzMİU tələbələrinin gələcək peşəkar fəaliyyətində mühüm istiqamət təşkil etdiyini və universitetin bu kimi strateji təşəbbüslərdə fəal iştirak etməsinin vacibliyini vurğulayıb.

Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor Məhəbbət Məmmədov isə kafedranın tələbə və gənc tədqiqatçılarının beynəlxalq strateji mövzularla yaxından tanış olmasının, onların gələcək elmi-tədqiqat fəaliyyətinə və praktik bacarıqlarının inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Təlim çərçivəsində OECD və CAREC-in dəstəyi ilə Rumıniyada nəşr olunan “Orta Dəhliz: Cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” (“The Middle Corridor: Navigating Current Realities and Embracing Future Prospects”) adlı beynəlxalq nəşrin təqdimatı keçirilib. Kitabda 10 ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin, Böyük Britaniya, Serbiya, Pakistan, Avstriya, İspaniya, Meksika və s.) 22 müəllifin strateji baxışları, regional əməkdaşlıq, enerji təhlükəsizliyi, ticarət, tranzit və innovativ iqtisadi inkişaf istiqamətləri öz əksini tapıb.

Ramil Hüseynov təlimdə Orta Dəhlizin iqtisadi və siyasi əhəmiyyətinə toxunaraq, onun Avrasiya məkanında regional əməkdaşlığın güclənməsi üçün mühüm strateji platforma olduğunu vurğulayıb. O, xüsusilə enerji geosiyasəti, rəqəmsallaşma, tranzit xidmətləri və ticarət marşrutlarının modernləşdirilməsi ilə bağlı praktiki yanaşmaları iştirakçılarla bölüşüb.

Rauf Ağamirzəyev çıxışında Orta Dəhlizin beynəlxalq logistika sistemində rolu, dəhliz boyunca tranzit xidmətlərinin optimallaşdırılması, rəqəmsal nəqliyyat modelləri və Azərbaycanın bu sahədə artan imkanları barədə ətraflı fikir bildirib. O, yeni texnologiyaların (Fintex, De-Fi və digər rəqəmsal həllərin) beynəlxalq ticarətdə tətbiqinin əhəmiyyətinə diqqət çəkib.

Universitetin tələbələri və gənc tədqiqatçıları tədbirdə fəal iştirak edərək Orta Dəhlizin iqtisadi və logistika imkanları ilə bağlı suallar verib, müzakirələrdə iştirak ediblər. 

Qeyd edək ki, AzMİU-da keçirilən bu təlim və təqdimat tələbələr, gənc alimlər və mütəxəssislər üçün strateji biliklərin əldə olunması baxımından mühüm platforma rolunu oynayıb. “Orta Dəhliz” mövzusunun Azərbaycanın beynəlxalq nəqliyyat-logistika sistemində mövqeyinin möhkəmlənməsi, rəqəmsal texnologiyaların tətbiqi və davamlı inkişaf perspektivlərinin formalaşması üçün yeni imkanlar açacağı gözlənilir. 

Избранный
13
4
azedu.az

5Источники