RU

Nazirliyin satdığı evlər: sabiq deputat araşdırılsın dedi, rəsmi cavab gəldi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) son elanı sosial mediada müzakirələrə səbəb olub. Belə ki, qurum Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarında mənzillərin satışına başlayıb. 3 və 4 otaqlı, tam təmirli və çıxarışlı evlər həm nağd, həm də ipoteka krediti ilə satılır. Yerləşmə ərazisindən asılı olaraq mənzillərin 1 kvadratmetri üçün qiymət 435-850 manat aralığında dəyişir. 

Globalinfo.az-a danışan sabiq deputat, iqtisadçı Vahid Əhmədov deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmişə xüsusi dövlət proqramlarına uyğun olaraq ehtiyacı, əlilliyi olan insanlar üçün mənzillər tikir və onları istifadəyə verir:

“Amma indi verilən məlumatda göstərilir ki, evlər satışa çıxarılır. Maraqlıdır ki, nazirlik bu evləri hansı vəsait hesabına tikir? Çünki dövlət vəsaiti hesabına tikilən mənzillər sosial təminatı aşağı səviyyədə olan insanlara verilir. Yəni bunun üçün ayrıca büdcədən vəsait ayrılmır ki, ƏƏSMN yalnız evlər tiksin və istənilən insanlara satsın. Bu, bir qədər sual doğuran məsələdir”.

Sabiq deputat qiymətlərin baha olmadığını bildirib:

“Çünki Abşeron rayonu, Ramana, Hövsan kimi yerlər faktiki olaraq Bakının ətraf kəndləridir. Samuxda isə qiymət aşağı ola bilər. Çünki rayondur və orada insanların yüksək məbləğə ev almağa imkanları yoxdur. Tikilən məzillərin keyfiyyəti yüksək səviyyədədirsə, ətrafında infrastruktur – yol, işıq, qaz, su varsa və bu problemlər sonradan üzə çıxmırsa, yəni evlər təhvil verilərkən çətinlik yaşanmırsa, bu, müsbət haldır. Amma evlərin hansı vəsait hesabına tikilməsi məsələsi mütləq araşdırılmalıdır”.

Globalinfo.az məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlayıb. 

Qurumdan bildirilib ki, Bakının Ramana, Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında satışa çıxarılan mənzillər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə keçmiş məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksləridir:

“Hər biri tam təmirli olan həmin mənzillər sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib və nazirlik tərəfindən həmin mənzillərin satışı həyata keçirilir. Satışdan əldə olunan vəsaitin ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına yönəldilməsi nəzərdə tutulub. Məlumat üçün onu da bildirək ki, hər biri 3 və 4 otaqlı, tam təmirli, istifadə olunmamış və çıxarışlı olan mənzillərin ms.sosial.gov.az portalı üzərindən onlayn satışı hazırda davam edir. Onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
globalinfo.az

1Источники