RU

Azərbaycan dünya çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, qərar FIFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında verilib.

Bu tarixi nailiyyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin uğurlu idman siyasətinin, o cümlədən ölkələrimizdə futbolun inkişafına göstərdikləri diqqətin nəticəsidir.
 

Qeyd edək ki, 1977-ci ildən etibarən iki ildən bir təşkil edilən U-20-lərin dünya çempionatı 25-ci dəfə Azərbaycan və Özbəkistanda baş tutacaq. Bununla futbol tarixində ilk dəfə kişilərin yarışında mundial Azərbaycanda keçiriləcək. Həmçinin ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli komandası dünya çempionatının final mərhələsində iştirak edəcək.


İndiyə qədər Argentina 6, Braziliya 5 dəfə dünya çempionu olub. Portuqaliya və Serbiya hərəyə 2 dəfə mundialın qalibi olublarsa, Uruqvay, Qana, İspaniya, Rusiya, Almaniya, İngiltərə, Fransa və Ukrayna hərəyə 1 dəfə kuboku qazanıblar.

Avropanın nəhəng klubları kifayət qədər böyük nüfuza malik olan U-20-lərin dünya çempionatlarından saysız-hesabsız istedadlı futbolçular kəşf ediblər.

Hazırda Çilidə keçirilən 24-cü dünya çempionatında 24 komanda 6 qrupda mübarizə aparır. 2023-cü ildə Argentinada təşkil olunan son turnirin qalibi isə Uruqvay yığması olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
17
43
bizim.media

10Источники