Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında qərar qəbul edib.
Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatında bildirilib.
Məlumata görə, Plenum iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri və 80-ci maddəsi baxımından Cinayət Məcəlləsinin 12.1 və 12.5-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə məruzəni, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu, rəyləri araşdırıb, müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Konstitusiyasının 71-ci maddəsinin I və X hissələrinə və 80-ci maddəsinə, qanunçuluq və hüquqi müəyyənlik prinsiplərinə, Cinayət Məcəlləsinin 5.1 və 12.5-ci maddələrinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən həmin Məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə xarici ölkənin ərazisində törətdikləri cinayətə görə cəzanın aşağı həddi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələri ilə müəyyən edilməlidir.