
Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr tədarükü üçün qızıl fyuçerslərinin qiyməti tarixi maksimumu yeniləyərək bir troy unsiyası üçün 3900 dollar həddini aşıb.
Bu artım konkret olaraq yerli istehlakçı və istehsalçılara necə təsir edəcək?
"COMEX birjasında qeydə alınmış 3 900 ABŞ dolları/unsiya həddində qiymət artımı qlobal qızıl bazarında tarixi maksimum göstərici kimi qiymətləndirilir.
Bu dinamika qlobal maliyyə bazarlarında qeyri-sabitliyin güclənməsi, beynəlxalq valyuta siyasətində dəyişikliklər, mərkəzi bankların aktiv qızıl alışı siyasətini daval etdirmələri və investorların riskləri minimuma endirmək cəhdləri ilə bağlıdır.
Azərbaycan bazarında isə bu artım birbaşa təsir göstərərək qızılın alış və satış qiymətlərinin yüksəlməsinə səbəb olub. İstehlakçıların alıcılıq qabiliyyəti zəifləsə də, investisiya məqsədli alışlar, xüsusilə 999 əyarlı külçə və sikkələr üzrə tələbat artmaqdadır”.
Bu fikirləri Trend-ə açıqlamasında iqtisadçı ekspert, Azərbaycan Zərgərlik Assosiasiyasının sədr müavini Rövşən Əmircanov deyib. O, vurğulayıb ki, qızılın dünya bazarında kəskin bahalaşması nəticəsində yerli bazarda zərgərlik məmulatlarının qiymətləri də əhəmiyyətli dərəcədə artıb.
Xüsusilə 585 və 750 əyarlı qızıl məmulatlarının, həmçinin qiymətli daşlarla bəzədilmiş zinət əşyalarının maya və satış qiymətləri bahalaşmışdır. İdxal olunan qızılın bahalaşması eyni zamanda daşınma, gömrük rüsumları və digər xidmət xərclərinin də artmasına səbəb olub.