RU

Səhiyyə Nazirliyinin mütəxəssisi: Alkoqolizm 200-dən çox xəstəliyə səbəb olur

Bakı, 3 oktyabr, AZƏRTAC

Xroniki alkoqol qəbulu hər zaman şəxsin daxili psixoloji, fizioloji və mənəvi problemləri haqqında məlumat verir. Fizioloji səbəblərə genetik faktorlar, baş beynin müxtəlif xəstəlikləri, nevroloji, psixi pozuntular aiddir. Alkoqolizmin əmələ gəlməsində sosial faktorlara əsasən şəxsin olduğu mühit vacib rol oynayır. Bunların hamısı tez bir zamanda asılılığa səbəb olur. Digər amil isə insanın gözləntilərini doğrultmayan reallıqdan qaçmaq və eyni zamanda, həyatın həqiqətləri ilə üzləşməmək üçün spirtli içkilərə üstünlük verməsi kimi psixoloji amildir. Alkoqol asılılığının formalaşması fərqli olub, şəxsin psixi və fiziki vəziyyətindən asılıdır. İlk mərhələdə orqanizm alkoqolun toksik təsirlərinə qarşı mübarizə aparır. Etanol və onun parçalanma məhsullarının uzun müddət qanda olması sonradan beyin toxumasına təsiri nəticəsində ilkin olaraq psixi, sonrakı dövrdə isə fiziki asılılıq yaranır.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova bildirib.

O deyib ki, ilkin dövrdə alkoqol qəbulu eyforiya hissi yaradır. Bu zaman şəxs özünü daha rahat hiss edir, sanki özgüvəni artır. Lakin bütün bu hisslər müvəqqəti xarakter daşıyır və spirtin təsiri aradan qalxdıqdan sonra azalır. Təkrar-təkrar eyforiya əldə etmək istəyi alkoqol asılılığının inkişafına gətirib çıxarır. O zaman şəxs daimi olaraq alkoqol haqqında düşünür, onu qəbul etmək anını səbirsizliklə gözləyir. Bu mərhələ psixi asılılıq dövrünə təsadüf edir. Sonrakı mərhələdə psixi asılılıq fiziki asılılıqla əvəz olunur. Bu zaman əsas əlamətlər əldə titrəmə, başağrısı, əmək qabiliyyətinin azalmasıdır. Bu mərhələdə insan eyforiyaya nail olmaq üçün spirtli içkinin dozasını artırır. Nəticədə, şəxs tamamilə spirtli içkidən asılı olaraq işə, doğmalarına, dostlarına qarşı laqeyd olur. “Spirtli içkilərə həddindən artıq aludəçilik 200-dən çox xəstəliklərin yaranmasının başlıca amilidir. Spirtli içkilərin tərkibindəki etanolun kanserogen olduğu və orqanizmdə xərçəng riskini artırdığı elmi cəhətdən sübut edilib. Bundan əlavə, alkoqolizm ürək damar xəstəliklərinin yaranmasının 25 faizini təşkil edir. Alkoqoldan sui-istifadə ürək əzələlərinin distrofik piy degenerasiyasına səbəb olur. Bu da koronar damar xəstəliyinə, miokard infarktına, stenokardiyaya gətirib çıxarır. Bundan əlavə, alkoqolizm ilə mədə mukozası əziyyət çəkir və mədənin sekretor, motor və enzimatik funksiyaları pozulur. Alkoqol qaraciyər üçün xüsusilə zərərlidir. Spirtli içki qəbul etdikdə hepatit ağırlaşır, qaraciyər sirrozu daha tez inkişaf edir, pankreatit baş verir, mədəaltı vəzinin zədələnməsi səbəbindən şəkərli diabet tez-tez inkişaf edir. Alkoqol baş beyində biokimyəvi dəyişiklik yaradaraq neyronların ölümünə səbəb olur. Bu zaman koqnitiv proseslər, yuxu sistemi, davranışda dəyişikliklərə gətirib çıxarır”,- deyə mütəxəssis vurğulayıb.

Alkoqolizmin müalicəsi və reabilitasiyası haqqında məlumat verən F.Baxışova əlavə edib ki, alkoqol asılılığı digər asılılıqlarda olduğu kimi, öz mürəkkəbliyi ilə seçilir. Məhz buna görə narkoloji xəstəliklərin müalicəsinə kompleks yanaşma tələb olunur. Müalicə zamanı ilkin olaraq xəstənin vəziyyətinin stabilləşdirilməsinə yönəldilən intensiv terapiya aparılır. “Bu mərhələdə müalicənin effektivlik meyarı orqanizmin həyatı funksiyalarının bərpasından ibarətdir. Növbəti mərhələdə bərpa və residivə qarşı müalicə aparılır. Məhz bu mərhələlərdən sonra xəstə reabilitasiya mərhələsinə hazır olur. Reabilitasiya xəstənin maksimal dərəcədə həyata uyğunlaşmasına yönəlmiş kompleks tibbi, sosial tədbirlərdən ibarətdir”, - deyə o diqqətə çatdırıb.

Həkim-narkoloq, həmçinin vurğulayıb ki, ilk dəfə 1935-ci ildə Amerika Birləşmiş Ştatlarında Robert Smit və Bill Uilson tərəfindən ”Anonim Alkoqoliklər” Birliyinin əsası qoyulub. Bu birlik 12 mərhələli bərpa proqramı (“Minnesota proqramı”) üzrə fəaliyyət göstərir.

 

 

 

Избранный
11
11
azertag.az

10Источники