RU

Casusluqda ittiham olunanların MƏHKƏMƏSİ: Fransa səfirliyindən verilən əşyalara dinləmə cihazı yerləşdirilib?

Fransaya casusluqda ittiham edilən Martin Rayan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən proses Azad Məmmədlinin ibtidai istintaqa verdiyi ifadəsinin elan olunması ilə davam edib.

Müəyyən olunub ki, tərəflər arasındakı müəyyən yazışmalarda Martin Rayan Azad Məmmədliyə klaviaturası işləmədiyi üçün Fransa səfirliyinin əməkdaşı Loran Löditin ona səfirlikdən klaviatura və siçan hədiyyə etdiyini bildirib və bunu təqdim edərkən səfirlikdə bir çox işlədilməyən texnikanın olduğunu deyib. Azad Məmmədlidə bu zaman şübhələr yaranıb.

O, fransız diplomatların onları mənbə hesab etdiyini və Loran Löditin həmin əşyalara dinləmə cihazı və ya gizli kamera yerləşdirə biləcəyini düşünüb.

O, Martinə bir-birini əvəzləyən fransız diplomatların onları dost kimi deyil, mənbə kimi gördüyünü də söyləyib:

"Biz digər insanlardan fərqliyik. Biz Azərbaycanın geosiyasi vəziyyətindən məlumatlıyıq və hətta onları təhlil edib, məlumat da verə bilirik".

Yazışmalarda Martin Azada evində izləmə cihazı ola biləcəyindən şübhələndiyini bildirib. Ona bu məsələni mütəxəssislə dəqiqləşdirməsi təklif olunub. A.Məmmədli Martinin dediklərinin gizlin yazılmasının belə, onun üçün xəyanət sayıla biləcəyini də əlavə edib.

Azad Məmmədli Martin Rayandan Fransa səfirliyindən hansısa xeyir əldə edə bilib-bilməyəcəyini soruşub. M.Rayan indiki vaxtda bunun təhlükəli olduğunu deyib.

Söhbətin davamında Martin Rayan Azad Məmmədliyə kəşfiyyatçı Loran Qrardın "Siqnal" yazışma proqramı vasitəsilə Qarabağda antiterror əməliyyatı ilə bağlı informasiya almaq istəyə biləcəyini söyləyib. Lakin bundan əmin ola bilməyib. Çünki həmin vaxt o, daha öncə istifadə etdiyi "Siqnal" tətbiqini silib.

Digər danışıqlarında təqsirləndirilən şəxslər bir-birinə Azərbaycanın İranla və ABŞ ilə münasibətləri, USAID-in bağlanmasının ölkədə yarada biləcəyi nəticələrlə bağlı dediklərindən və DTX tərəfindən izlənmə qorxusu olduğundan bəhs ediblər.

Azad Məmmədlinin ifadəsinin tam elan olunması yekunlaşıb. Azad Məmmədli ifadəsini təsdiq edərək bildirib:

"İfadəmdə dediyim kimi, mən agent olmamışam, mənbə olmuşam".

Növbəti iclas oktyabrın 24-ü şahidlərin dindirilməsi ilə davam edəcək.

İttiham aktına görə, Martin Rayanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursat, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. DTX tərəfindən "Merkorama" MMC-nin baş direktoru olan Martin Rayana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb.

İttihama görə, Martin Rayan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Rayanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

 

Избранный
25
35
7news.az

10Источники