44 günlük müharibədə Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi ilə silah daşınıb. "Bakuinfo" Publika.az-a istinadla xəbər verir ki, bu fakt Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryanın müsahibəsində ortaya çıxıb. Köçəryan bildirib ki, hava hücumundan müdafiə sistemləri köhnə olub, yeni sistemlərin idxalına 2018-ci ildən sonra başlanıb. “TOR-M2MK sistemlərinin idxalına başladıq. Müharibə zamanı bu sistemlər sona qədər xidmət etsə də, onlar da vurulmuşdu. Həmin dövrdə biz qısa müddətdə İjevsk zavodundan (Rusiyada silah istehsal edən zavod - red.) ehtiyat hissələrini gətirməyə çalışırdıq. Son dərəcə mürəkkəb logistika problemləri ilə üzləşdik. Buna görə baş nazirin təyyarəsindən bu məqsədlər üçün istifadə etdik”, - o deyib. Jurnalist sual verib ki, baş nazirin təyyarəsi silah idxalında istifadə olunurdu? Köçəryan bunu təsdiqləyib: “Bəli, bu məqsədlə”. Bu, Ermənistanın mülki təyyarələrlə, özü də birbaşa baş nazirin xidməti təyyarəsi ilə silah daşıdığının və beynəlxqlq mülki aviasiya qanunlarını pozduğunun təsdiqidir. Prezident İlham Əliyev 44 günlük müharibədən sonra - 2021-ci ilin 20 aprel tarixində Azərbaycan Televiziyasına müsahibəsində bu faktlardan bəhs etmişdi. Dövlət başçısı bildirmişdi ki, müharibə dövründə qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir: “Rusiya tərəfi ən yüksək səviyyədə və bütün səviyyələrdə, aidiyyəti qurumlar səviyyəsində bu məsələ ilə bağlı Azərbaycan tərəfindən məlumatlandırılmışdır. Hətta biz beynəlxalq aviasiya təşkilatı olan ICAO-ya rəsmi məktublar göndərmişik. O məktublarda deyilmişdir ki, biz dəqiq bilirik, - reyslərin nömrələrini də vermişdik, yazmışdıq, - bu təyyarələrlə, sərnişin təyyarələri ilə Rusiyadan Ermənistana silahlar gətirilir. Silahların növlərini də göstərmişdik. Baxmayaraq ki, müharibə dövründə dəfələrlə belə məktublar göndərilmişdir, ancaq ICAO-dan heç bir cavab gəlməmişdir. Amma biz dəqiq bilirik ki, bir erməni silah alverçisi David Qalustyan Rusiyada oturub Rusiya hərbi zavodlarından qanunsuz yollarla silahları alıb sərnişin təyyarələri ilə göndərib. O silahların pulunu Rusiyada fəaliyyət göstərən erməni oliqarxları ödəyib – Obramyan, Karapetyan. Bu, cinayətdir. Onlar buna görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu silahlar müxtəlif qaçaqmalçılıq yolları ilə Ermənistana göndərilmişdir. Biz onu da Rusiya tərəfinə bildirmişdik ki, David Qalustyan Ermənistanın keçmiş müdafiə naziri Tonoyanın biznes şərikidir. Onlar bunu, eyni zamanda, qanunsuz qazanc kimi edirdilər. Təsadüfi deyil ki, acı məğlubiyyətdən sonra Ermənistanın müdafiə naziri, hansı ki, Azərbaycanı yeni müharibə ilə hədələyirdi, vəzifədən çıxarıldı. Onun bir biznes şəriki David Qalustyan həbs olundu. Ermənistanda indi istintaq aparılır. Əgər istintaq ədalətli aparılarsa, dediyim bütün faktlar üzə çıxacaq. Bizdə faktlar var. Lazım olarsa, biz bu faktları açıqlamağa hazırıq. Mənim dediyim sözlər deyil, faktlardır. Qaçaqmalçılıq olub. Sərnişin təyyarələri ilə silah daşınıb. Bu, ümumiyyətlə, qanunazidd əməldir. Rusiyada yaşayan erməni oliqarxlar - həmin bu Karapetyan ilə Abramyan bir yük təyyarəsini almışdılar. Çünki Ermənistanda yük təyyarəsi yox idi. Silahları daşımaq mümkün deyildi. Müharibə dövründə bir yük təyyarəsi almışdılar. O yük təyyarəsi ilə silahları qanunsuz olaraq Ermənistana aparıblar”. Bütün bu faktlar rəsmi Bakıda mövcuddur, lakin Rusiya tərəfi, eləcə də, Ermənistan və İCEO məsələnin üzərindən sükutla keçiblər. Andranik Köçəryanın müsahibədə dedikləri isə Rusiyadan silah daşıyan mülki təyyarənin Nikol Paşinyana məxsus olduğunu təsdiq edir. Azərbaycan Ermənistanla münasibətləri sülh müstəvisində qursa da, Köçəryanın etirafı 44 günlük müharibədə törədilən cinayətlərin araşdırılması işində müstəsna əhəmiyyət kəsb edir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта