Xəbər verdiyimiz kimi, Rusiya hüquq-mühafizə orqanları Moskvada milyarder İbrahim Süleymanovu saxlayıb.
Musavat.com “Kommersant”a istinadən xəbər verir ki, kölgə milyarder İbrahim Süleymanovun şəriki olduğu iddia edilən və Rusiya mətbuatının “Dağıstanlı mütəşəkkil cinayətkar qruplaşmanın lideri” kimi qələmə verdiyi Abakar Darbişev həbsindən az sonra vəfat edib.
Bildirilir ki, İbrahim Süleymanov da ürək xəstəliyinə görə həkimə müraciət edib.
Nəşr yazır ki, İbrahim Süleymanov və Abakar Darbişevin saxlanılması əməliyyatı oktyabrın 1-də Rusiya Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin birgə əməkdaşlığı ilə həyata keçirilib.
Əməliyyat zamanı xüsusi təyinatlılar Darbişevin yaşadığı Odintsovoya gedərək onu saxlayıblar. Daha sonra müstəntiqlər onun evində axtarış aparıblar. Darbişevin Moskvaya aparılması nəzərdə tutulsa da, o, yolda dünyasını dəyişib.
Axtarışdan sonra Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin Petrovka küçəsi, 38 ünvanındakı müvəqqəti saxlama təcridxanasına gətirilən İbrahim Süleymanovun ürək problemləri səbəbindən bir neçə dəfə təcili yardım çağırıldığı bildirilir.
Mənbələr qeyd edir ki, Süleymanov 1999-cu ilin yanvarında “Vnukovo” aviaşirkətinin həmkarlar ittifaqının rəhbəri Gennadi Borisov və Maliyyə Bərpası və İflas üzrə Federal Xidmətin keçmiş rəhbəri Georgi Talın qətllərində şübhəli bilinir. Müstəntiqlər onun digər cinayətlərdə iştirakını da araşdırır. Süleymanov isə indiyədək hər hansı ağır cinayətdə iştirakını inkar edir.
“Kommersant”ın vəziyyətlə tanış mənbələri həmçinin bildirir ki, Abakar Darbişevin İbrahim Süleymanov əleyhinə ifadə verməsi və onun həbsinə əsas olan məlumatı təkzib edir.
Musavat.com
