Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Oktyabrın 3-də ADU-nun unikal layihələrindən biri olan “Azərbaycan Dillər Universitetinin məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi” regional konfransının Cənub və Şimal-Qərb bölgələrindən sonra növbəti – üçüncü regional konfransı (Qazax, Tovuz, Ağstafa, Şəmkir, Gədəbəy) baş tutub.
Axar.az xəbər verir ki, Azərbaycan təhsil sahəsində məzunlarının fəaliyyət və peşəkarlıq göstəriciləri ilə maraqlanan ilk universitet olan Azərbaycan Dillər Universiteti bu mötəbər layihəni üçüncü dəfə ən yüksək səviyyədə keçirərək, strateji inkişaf planına uyğun olaraq məzunlarını diqqətdə saxlayır.
Konfransın keçirilməsində Qazax və Ağstafa rayon icra hakimiyyətləri, həmçinin regional təhsil idarəsi yaxından iştirak edib, konfransa xüsusi diqqət və qayğı göstəriblər.
Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənləri Təmayüllü məktəb-liseyində baş tutan konfransda Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, ADU-nun müxtəlif illərdə məzunu olmuş müəllimlər, təhsil və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov konfrans iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətindən danışıb.
ADU-nun rektoru, akademik Kamal Abdulla konfrans iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. O, səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, konfransa böyük diqqət və qayğı göstərən Qazax və Ağstafa rayon icra hakimiyyətlərinin dəstəyini xüsusi vurğulayıb.
Rektor qeyd edib ki, ADU hər zaman öz məzunlarını diqqətdə saxlayır. Bu məqsədlə regionlarda əmək fəaliyyəti ilə məşğul olan məzunlarla mütəmadi əlaqə saxlanılır, universitetin peşəkar professor-müəllim heyəti tərəfindən təlim və seminarlar təşkil olunur:
“Məzunlarla görüşmək bizim üçün sevindirici haldır. Biz hesab edirik ki, məzunlarla görüş onların peşə vərdişlərinə və peşəkarlıq səviyyəsinə öz müsbət təsirini göstərir. Bizi düşündürən məsələlər əsasən məzunlarımızın pedaqoji fəaliyyətini dəstəkləmək, onları yeni tədris metodları ilə tanış etməkdir. Keçiriləcək seminarlar, təlimlər, görüşlər gələcək elmi əməkdaşlıq üçün də əlverişli imkanların yaradılması deməkdir.”
Qeyd olunub ki, ADU-nun region təhsil qurumları ilə elmi və mədəni əməkdaşlıq üçün əlverişli imkanları mövcuddur.
Tədbirdə ADU-da tədris olunan xarici dillər barədə məlumat verilib, QS reytinqlərində universitetin nailiyyətlərindən söz açılıb. Vurğulanıb ki, ADU son illər beynəlxalq əlaqələrin qurulmasında fəallığı ilə seçilir. Bu da təhsilin keyfiyyətinə və tədrisin müasir metodlarla aparılmasına mühüm təsir göstərir.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.