HƏMAS ABŞ prezidenti Trampın Qəzza planına cavabını açıqlayıb. Hakimiyyəti ərəblərə və fələstinlilərə təhvil verməyi qəbul etdiyini bildirən HƏMAS, bütün israilli girovları azad etməyə və danışıqlara hazır olduğunu bildirib.
Bəyanatda həmçinin İsrailin Qəzzanı tərk etməsinin vacibliyi qeyd edilir, "İşğal və yerdəyişməni rədd edirik" ifadəsi işlədilib.
HƏMAS-ın bəyanatında deyilir: “Biz müharibəni bitirmək, yardımlara icazə vermək, işğalı rədd etmək və sürgünün qarşısını almaq üçün Ərəb və islam dünyasının, beynəlxalq tərəflərin və Trampın səylərini təqdir edirik.
Bölgədə şərtlər yerinə yetirildikdən sonra, Trampın dəyişiklik formuluna uyğun olaraq həm həyatda olan, həm də ölən bütün israilli girovları azad etməyə razıyıq və dərhal danışıqlara hazır olduğumuzu bəyan edirik.
Qəzzanın idarəçiliyini milli konsensus əsasında və ərəb/islam dəstəyinə sahib olan Fələstin texnokrat heyətinə təhvil verməyə razıyıq.
Trampın təklifindəki digər məsələlər (Qəzzanın gələcəyi, Fələstinin hüquqları) daha geniş milli mövqe və beynəlxalq hüquqi çərçivə tələb edir”.
Bundan əvvəl açıqlama verən HƏMAS-a sərt xəbərdarlıq edən Tramp onlara verdiyi müddətin başa çatdığını, lakin onun müddətinin uzadıldığını bəyan edib. Qəzza planı ilə bağlı HƏMAS-dan cavab tələb edən Tramp, razılaşma olmadığı təqdirdə “qiyamət qopacağını” deyib.
"Yaxın Şərqin böyük, güclü və çox varlı dövlətləri ABŞ və İsrailin imzası ilə birlikdə 3 min ildən sonra Yaxın Şərqdə sülhə nail olmaq üçün razılığa gəliblər. Bu razılaşma həm də həyatda qalan bütün HƏMAS döyüşçülərinin həyatını bağışlayır. Sənədin təfərrüatları bütün dünyada məlumdur və bu, hamı üçün ən yaxşı razılaşmadır" – deyən ABŞ lideri bildirib ki, Yaxın Şərqdə bu və ya digər şəkildə sülh olacaq. Zorakılıq və qan tökülməsinə son qoyulacaq. Bütün girovlar, o cümlədən ölənlərin cəsədləri dərhal təhvil verilməlidir.
HƏMAS-a razılaşma üçün bazar günü axşamdək vaxt verdiyini deyən Tramp bildirib ki, əgər bu son şans razılaşması əldə olunmazsa, əvvəllər heç kimin görmədiyi şəkildə HƏMAS-a qarşı qiyamət qopacaq.
Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev prezident Trampın 20 bənddən ibarət “Qəzza münaqişəsinə son qoyulması üçün hərtərəfli plan”ını təqdim edib.
TAHİR