RU

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni təşəbbüslə çağırış etdi - FOTOLAR

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində ilin ən əlamətdar bayramlarından biri – Beynəlxalq Müəllimlər Günü bu il xüsusi bir təşəbbüslə gerçəkləşib. SİA xəbər verir ki, qlobal miqyasda tanınan “Happy Hour” konsepsiyası əsasında həyata keçirilən “Happy Teachers Hour” festivalı müəllimlərin əməyi, fədakarlığı və zəhmətini qeyd etməyə həsr olunub.

Festival çərçivəsində bütün icma – şagirdlər, valideynlər, Kompleksin inzibati heyəti və həmkar şirkətlər bir araya gəliblər. Kompleksin hər bir məkanı xüsusi bədii üslubda bəzədilib. Bütün dekorasiyalar Kompleksin Art şöbəsi tərəfindən müəllimlər üçün xüsusi hazırlanaraq təqdim olunub.

Festivalın əvvəlində Kompleksin Baş İcraçı Direktoru Tural Abbasov çıxış edərək bütün müəllimləri bayram münasibətilə təbrik edib, onların təhsil prosesindəki əvəzsiz rolunu vurğulayıb.

Daha sonra tədbirdə şagirdlərin səhnə çıxışları, valideynlərin müəllimlər üçün hazırladıqları musiqili performanslar nümayiş etdirilib. Bununla yanaşı, Kompleksin nəzdində fəaliyyət göstərən musiqi məktəbi də müəllimlərə öz təbriklərini musiqili çıxışlarla çatdırıb.

Festival boyunca valideynlər, şagirdlər və icma üzvləri də təşəbbüsə fəal qoşularaq müəllimlərə öz minnətdarlıqlarını ifadə ediblər. Tədbir əsl bayram ab-havası ilə müşayiət olunub və müəllimlər üçün unudulmaz bir günə çevrilib.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi bu təşəbbüsün digər təhsil müəssisələrində də davam etməsini arzulayıb və hər kəsi cəmiyyətin ən dəyərli üzvlərindən olan müəllimlərə özəl bir saat həsr edərək onları təbrik etməyə dəvət edib.

Избранный
14
4
sia.az

5Источники