RU

Qubadlının bu kəndində nə baş verir? görüntülər heyrətə gətirdi

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Qubadlının Mahrızlı kənd sakininin sosial şəbəkədə paylaşdığı video geniş müzakirələrə səbəb olub. Kadrlarda vətəndaş iddia edir ki, kənddə tikilən fərdi yaşayış evlərinin hər biri üçün dövlət tərəfindən 180 min manat vəsait ayrılıb, lakin bu məbləğə baxmayaraq, evlər keyfiyyətsiz inşa olunur və göstərilən rəqəm tikinti reallığına uyğun gəlmir. Sosial mediada yayılan iddia həm tikinti prosesinin şəffaflığı, həm də vəsaitlərin təyinatı məsələsini gündəmə gətirib.

Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, əgər videoda göstərilən fərdi yaşayış evləri üçün ayrıldığı iddia edilən 180 min manat məbləği həqiqətən həmin evlərin tikintisinə nəzərdə tutulubsa, bu rəqəm real görünmür.

Onun fikrincə, məsələ mütləq araşdırılmalıdır:

“Görünən tikililərin mövcud vəziyyəti, tikinti qaydaları və standartları bir fərdi evə bu qədər vəsaitin xərclənməsinin bazar qiymətlərinə uyğun olmadığını göstərir. Buna görə də dəqiqləşdirmək vacibdir ki, həmin vəsait məhz videoda gördüyümüz tikinti işlərinə ayrılıb, yoxsa başqa xərclərə, infrastrukturun, kommunikasiyaların və sosial obyektlərin qurulmasına?”

R.Osmanlı qeyd edib ki, Qubadlı rayonunun Mahrızlı kəndinin bərpasına 26,4 milyon manat vəsait ayrılıb və burada 190 evin tikintisi nəzərdə tutulub:

“Sadəcə bölmə ilə hesablasaq, bir evə təqribən 138 000 manat düşür. Lakin satınalma şərtlərinə baxmaq lazımdır ki, bu məbləğə kanalizasiya xətləri, kənd daxili yollar, məktəb, uşaq bağçası, mağaza və digər sosial obyektlərin tikintisi daxil edilibmi? Əgər daxil deyilsə, bir evə 138 000 manat ayrılması reallığa uyğun görünmür. Həmin məbləğ təkcə evlərin yox, bütövlükdə kəndin bərpasının xərclərini əhatə edir. Nəticə etibarilə, xərclərin məqsədi və satınalma sənədləri əsasında ümumi qiymətləndirmə aparılmalı və məbləğin təyinatı açıq şəkildə müəyyənləşdirilməlidir”.

Xatırladaq ki, işğaldan azad edilən ərazilərdə tikinti işlərinin aparılması ilə bağlı narazılıqlar var. Ötən il bu günlər də Qubadlının Mahrızlı kəndində keyfiyyətsiz tikililər gündəmə gəlmişdi. Ümumiyyətlə işğaldan azad edilən ərazilərdə tikilib yekunlaşan, eləcə də tikilməkdə olan evlərin, yenidən salınan kənd və qəsəbələrin məsələsi zaman-zaman gündəmə gəlir. Bir neçə gün öncə Ağdamın Xıdırlı kəndində yağışdan sonra ortaya çıxan vəziyyət də ciddi narazılığa və müzakirələrə səbəb olmuşdu. Görünür, bir sıra tikinti şirkətlərinin belə yarıtmaz fəaliyyəti dövlətin aidiyyatı qurumları tərəfindən araşdırılmasa, günahkarlar cəzalandırılmasa, bu xoşagəlməz tendensiyanın qarşısı alınmayacaq.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
globalinfo.az

1Источники