RU

“Qələbəmi şəhid qardaşıma həsr edirəm”

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Mingəçevirdə keçirilən III MDB Oyunlarının karate (kumite) yarışında oğlanlarda ilk qızıl medalı qazanan idmançı Nuran Rzazadə olub.

“Qafqazinfo” “Prosport.Az”-a istinadla xəbər verir ki, 23 yaşlı idmançı qələbəsi ilə bağlı fikirlərini bölüşüb.

– Finalda qrupda məğlub olduğunuz qırğız rəqibi yenərək çempion oldunuz. Bu an hansı hisslər keçirirdiniz?

– Çox şükür olsun ki, Allah çempionluq nəsib etdi. 2 ildir ki, bu turnirə hazırlaşırıq, çünki yarış ölkəmizdə keçirilirdi və məsuliyyətimiz daha da böyük idi. Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyası uzun müddət bizə dəstək oldu. Qusarda təlim-məşq toplanışımız oldu, xaricdən idmançılar gəldi, xarici toplanışlarda iştirak etdik. Bunun nəticəsidir ki, bu gün nəticələrimiz qənaətbəxşdir. Qrup mərhələsində 4 döyüş keçirdim – 3 qələbə qazandım, 1-də isə uduzdum. Daha sonra yarımfinalda həmyerlimlə qarşılaşdım. Finalda isə qrupda məğlub olduğum Qırğızıstan idmançısına qalib gəldim.

– Qırğız idmançıya ilk görüşdə niyə məğlub olmuşdunuz, finalda hansı səhvləri düzəldib ona qalib gələ bildiniz?

– Bəzən olur ki, döyüşü səhv qurursan, nələrsə düzgün getmir. Bu, idmandır, qaçılmazdır. Amma sonrakı qarşılaşmalarda etdiyim düzgün analizlər və qurduğum düzgün taktika sayəsində finalda qalib gəldim.

– Kimin tələbəsisiniz?

– Şəxsi məşqçim Asiman Qurbanlıdır. O həm də doğma bibim oğludur. İnşallah, sabah (bu gün) o da tatami üzərinə çıxacaq. Arzumuz odur ki, 2 qızıl medalla buradan qayıdaq.

– Qələbəni kimə həsr edirsiniz?

– Qələbəmi şəhid qardaşım Həsən Rzazadəyə həsr edirəm. O mənim ən böyük dəstəkçim olub. Bu gün də onun dəstəyini yanımda hiss edirəm. Hər zaman o mənim ruhən yanımdadır. Fikrimcə, o mənimlə fəxr edir. Mən də ona hər zaman layiq qardaş olmağa çalışıram.

Qeyd edək ki, idmançının qardaşı, baş leytenant Həsən Rzazadə 2020-ci ilin noyabrın 1-də Laçın döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, o, ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
4
qafqazinfo.az

5Источники