RU

HƏMAS razı oldu, Şərqdə sülhün bütün məsuliyyəti İsrailin boynuna düşdü...


Samir Hümbətov: “İsraildə buna nə dərəcədə əməl edəcəklər, bu bir az sual altındadır”

HƏMAS ABŞ prezidenti Trampın Qəzza planına cavabını açıqlayıb. Hakimiyyəti ərəblərə və fələstinlilərə təhvil verməyi qəbul etdiyini bildirən HƏMAS, bütün israilli girovları azad etməyə və danışıqlara hazır olduğunu bildirib.

Baki-xeber.com xarici mediaya istinadən məlumat yayıb ki, bəyanatda həmçinin İsrailin Qəzzanı tərk etməsinin vacibliyi qeyd edilir, "İşğal və yerdəyişməni rədd edirik" ifadəsi işlədilib.

HƏMAS-ın bəyanatında deyilir: “Biz müharibəni bitirmək, yardımlara icazə vermək, işğalı rədd etmək və sürgünün qarşısını almaq üçün Ərəb və islam dünyasının, beynəlxalq tərəflərin və Trampın səylərini təqdir edirik.

Bölgədə şərtlər yerinə yetirildikdən sonra Trampın dəyişiklik formuluna uyğun olaraq həm həyatda olan, həm də ölən bütün israilli girovları azad etməyə razıyıq və dərhal danışıqlara hazır olduğumuzu bəyan edirik.

Qəzzanın idarəçiliyini milli konsensus əsasında və ərəb/islam dəstəyinə sahib olan Fələstin texnokrat heyətinə təhvil verməyə razıyıq.

Trampın təklifindəki digər məsələlər (Qəzzanın gələcəyi, Fələstinin hüquqları) daha geniş milli mövqe və beynəlxalq hüquqi çərçivə tələb edir”.

Bundan əvvəl açıqlama verən HƏMAS-a sərt xəbərdarlıq edən Tramp onlara verdiyi müddətin başa çatdığını, lakin onun müddətinin uzadıldığını bəyan edib. Qəzza planı ilə bağlı HƏMAS-dan cavab tələb edən Tramp, razılaşma olmadığı təqdirdə, “qiyamət qopacağını” deyib.

"Yaxın Şərqin böyük, güclü və çox varlı dövlətləri ABŞ və İsrailin imzası ilə birlikdə 3 min ildən sonra Yaxın Şərqdə sülhə nail olmaq üçün razılığa gəliblər. Bu razılaşma həm də həyatda qalan bütün HƏMAS döyüşçülərinin həyatını bağışlayır. Sənədin təfərrüatları bütün dünyada məlumdur və bu, hamı üçün ən yaxşı razılaşmadır" – deyən ABŞ lideri bildirib ki, Yaxın Şərqdə bu və ya digər şəkildə sülh olacaq. Zorakılıq və qan tökülməsinə son qoyulacaq. Bütün girovlar, o cümlədən ölənlərin cəsədləri dərhal təhvil verilməlidir.

HƏMAS-a razılaşma üçün bazar günü axşamdək vaxt verdiyini deyən Tramp bildirib ki, əgər bu son şans razılaşması əldə olunmazsa, əvvəllər heç kimin görmədiyi şəkildə HƏMAS-a qarşı “qiyamət qopacaq”.

Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev prezident Trampın 20 bənddən ibarət “Qəzza münaqişəsinə son qoyulması üçün hərtərəfli plan”ını təqdim edib.

Yəni plan sona qədər icra olunacaqmı? HƏMASda razılıq verdi. Ancaq İsrail qoşunları Qəzzanı tərk edəcəkmi? Çünki HƏMAS-ın şərtlərindən biri budur. İsrail Qəzzanı tərk edecək, yoxsa etməyəcək? Doğrudan da Yaxın Şərqə sülh gələcək, yoxsa gəlməyəcək?

“...İnanmıram ki, bu plan rahatlıqla işləyə”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov baki-xeber.com-a bildirdi ki, HƏMAS Tramın irəli sürdüyü plana razılıq versə də, İsrailin baş naziri Benyamin Netanyahu öz bəyanatında İsrailin Qəzzaya da nəzarəti həyata keçirdiyini deyib. “Yəni Netanyahu deyir ki, onların planı dayanmayacaq. Əslində İsrailin planı Qəzzanı da tam nəzarətə götürməkdi. Düzü, mən bu prosesdə nə HƏMAS-ın, nə də İsrailin dayanacağına o qədər də real yanaşmıram. Yəni orda hər iki tərəf iddialıdır. HƏMAS-ın iddiası Qəzzanı nəzarətdə saxlamaqdır, nəzarəti əldən verməməkdir. İsrailin isə iddiası Qəzzanı da ilhaq edib özünə birləşdirməkdir. Belə olan halda tərəflər arasında sağlam dialoqun qurulmasına da bir az inam azdır”.

S.Hümbətov qeyd etdi ki, xüsusən də 50 min fələstinlinin, 2 min israillinin ölümündən sonra və hər gün də bu proseslər davam etdiyi halda burda sakitliyin olacağı o qədər də real görsənmir. “Bu, Tramp tərəfindən sakitlik yaratmaq və hər kəsin öz rolunu bilməsi məqsədilə verilən plandır. Amma İsraildə buna nə dərəcədə əməl edəcəklər, bu bir az sual altındadır. Ona görə də mən inanmıram ki, bu plan rahatlıqla işləyə”-deyə S.Hümbətov qeyd etdi.

İradə SARIYEVA

Избранный
25
50
baki-xeber.com

10Источники