RU

Tibb dünyasında inqilabi addım: alimlər böyrəyin qan qrupunu dəyişdi

Elm dünyasında orqan transplantasiyası sahəsində mühüm yenilik baş verib.

E-saglam.az xəbər verir ki, alimlər A (II) qan qrupuna malik böyrəyi uğurla O (I)qan qrupuna çevirərək universal donor orqanına çeviriblər. Bu, uyğun donor çatışmazlığını aradan qaldıra biləcək tarixi bir addım hesab olunur.

İlk nəticələr ümidvericidir

Nature Biomedical Engineering jurnalında dərc olunan araşdırmaya əsasən, nəql edilən böyrək ilk iki gün ərzində problemsiz fəaliyyət göstərib. Üçüncü gündə orqan rədd əlamətləri müşahidə olunsa da, tədqiqatçılar nəticəni “çox ümidverici” adlandırıblar.

Qan qrupu problemi: illərlə gözləmə

1950-ci illərdən bəri qan qrupu uyğunluğu böyrək nəqlində əsas maneələrdən biridir. Xüsusilə O tipli xəstələr yalnız O tipli orqanları qəbul edə bildiklərindən, bu qrupun gözləmə müddəti 2 ildən çox, bəzən isə 4 ilə qədər uzanır. Hazırda dünya üzrə orqan növbəsində olan xəstələrin yarıdan çoxu məhz O qan qrupuna malikdir.

Fermentlərlə orqan “təmizlənməsi”

Yeni metodda orqan səthindəki A antigenləri xüsusi ferment tərkibli maye ilə təmizlənir. Bu proses orqanı immun sisteminin hücumundan qismən qoruyur və rədd riskini azalda bilir. Əvvəllər texnika ağciyərlərdə sınaqdan keçirilmişdi, bu dəfə isə ilk dəfə insan böyrəyinə tətbiq olunub.

ECO böyrəyi 2 gün problemsiz işləyib

Tədqiqat zamanı beyin ölümü keçirmiş donorun böyrəyi resipientə köçürülüb. Qanında anti-A anticisimlərinin yüksək olmasına baxmayaraq, orqan iki gün ərzində normal işləyib. Üçüncü gün A antigenlərinin bərpası səbəbindən rədd əlamətləri yaranıb.

Professor Stiven Uizers bildirib: “Fermentlər immun sisteminin tanıdığı A antigenlərini təmizləyir. Bu üsul immunosupressiv müalicələrlə birləşdirilərsə, orqanın uzunömürlülüyünü təmin edə bilər.”

Minlərlə insana ümid işığı

Mütəxəssislər bu texnologiyanın inkişaf etdirilməsi halında orqan transplantasiyasını gözləyən minlərlə insan üçün yeni ümid yaradacağını düşünürlər. Hazırda metod sınaq mərhələsində olsa da, alimlər bunun gələcəkdə klinik şəraitdə tətbiqinin “tam mümkün” olduğunu bildirirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Избранный
35
e-saglam.az

1Источники