RU

Allahşükür Paşazadənin ABŞ səfəri davam edir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarında səfərdədir.

 

QMİ-nin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfər çərçivəsində QMİ sədri Şeyxülislam A. Paşazadə oktyabrın 3-də Solt-Leyk-Siti şəhərində G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti cənab Kol Durham ilə görüşüb.

 

Səmimi şəraitdə keçən görüşdə tərəflər qarşılıqlı etimada və ortaq məqsədlərə əsaslanan əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. Şeyxülİslam A. Paşazadə Azərbaycan xalqının və onun lideri Prezident İlham Əliyevin salamlarını G20 Dinlərarası Forumu Assosiasiyasının rəhbərliyinə çatdırıb. Assosiasiyanın və onun prezidentinin fəaliyyətini yüksək qiymətləndirən QMİ sədri Assosiasiyanın dünyanın müxtəlif yerlərində təşkil edilən beş forumunda ardıcıl olaraq iştirak etdiyini və bu platformanın işinə öz töhfəsini əsirgəmədiyini qeyd etdi. G20 Dinlərarası Forumlarında iştirakını bu platformaya və onun sülh məramlı fəaliyyətinə yüksək ehtiramının sübutu kimi qeyd edən Şeyxülislam A. Paşazadə vurğulamışdır ki, insan həyatına, bəşərin mövcudluğuna təhdid və təhlükələrin artdığı müasir dövrdə siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoq zərurətindən irəli gələn, son illərin ənənəsi - Böyük İyirmilik ərəfəsi Dinlərarası Forumlar dövlət və din nümayəndələrinin birgə əməkdaşlığının səmərəli praktiki təzahürünə çevrilmişdir.

 

G20 Dinlərarası Forum Assosiasiyanın prezidenti cənab Kol Durham Azərbaycan Prezidentinin və Azərbaycan xalqının salamlarını böyük ehtiram və minnətdarlıq hissi ilə qəbul edərək ölkəmizə uğurlar və firavanlıq arzulayıb. Dinlərarası forumların işində fəal və davamlı iştirakına görə Şeyxülislam A. Paşazadəyə səmimi minnətdarlığını bildirən K. Dürham Şeyxülislamın böyük əhəmiyyətli, dəyərli təcrübəsinin və beynəlxalq müstəvidə nüfuzunun iştirak etdiyi tədbirlərin status və etimadını əhəmiyyətli dərəcədə artırdığını vurğuladı. Kol Dürham G20 Dinlərarası Forumunun strukturunda nəzərdə tutulan islahatlar barədə geniş məlumat verdi və bu islahatlarla bağlı Şeyxülislamın böyük təcrübəsinə istinadən ondan öz tövsiyələrini verməsini xahiş etdi. Şeyxülislam təklif olunan islahatları yüksək dəyərləndirdi, bu barədə öz fikir və tövsiyələrini bölüşdü.

 

Assosiasiyanın prezidenti Kol Dürham Şeyxülislam A. Paşazadənin tövsiyələrini diqqətlə dinləyib onu əmin etdi ki, o, islahatlar həyata keçirilən zaman onlar mütləq nəzərə alınacaq. Tərəflər dinlərarası forumun strukturunda islahatların aparılması prosesi əsnasında öz aralarında məlumat mübadiləsi aparmaq barədə razılığa gəliblər.

 

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Paşazadə və Stirlinq Fondunun vitse-prezidenti Nikol Stirlinq iştirak etdilər.

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

Избранный
14
21
modern.az

10Источники