RU

“Dünyada etibarnamə tələb edən yeganə ölkə Azərbaycandır” – “Bu, tamamilə məntiqsiz və hüquqa zidd haldır”

Keçmiş maliyyə naziri, professor Saleh Məmmədov “Facebook” hesabında Azərbaycanda tətbiq edilən etibarnamə sistemini kəskin tənqid edib. “AzPolitika.info” xəbər verir ki, onun sözlərinə görə, sovet dövrünün repressiya və korrupsiya aparatının bir hissəsi olan bu sistem bu gün yalnız Azərbaycanda mövcuddur.

Professor bildirib ki, Beynəlxalq Şəffaflıq təşkilatının hesablamalarına əsasən, keçmiş SSRİ məkanında ən çox korrupsiya yaradan mexanizmlərdən biri məhz avtomobillərin idarə olunması üçün tətbiq edilən “etibarnamə” olub: “Kommunist sistemi dağıldıqdan sonra bütün postsovet ölkələri bu qaydanı ləğv etdilər və nəticədə korrupsiya əhəmiyyətli dərəcədə azaldı. Ancaq Azərbaycanda bu sistem nəinki aradan qaldırılmadı, əksinə, daha da sərtləşdirildi. Qaydanı pozanlara qarşı cərimələr dəfələrlə artırıldı.”

Məmmədovun sözlərinə görə, hazırda BMT-yə üzv 193 ölkədən yalnız biri – Azərbaycan Respublikası gündəlik praktikada avtomobil idarə etmək üçün yazılı etibarnamə tələb edir.

O, digər ölkələrdəki vəziyyəti belə müqayisə edib:

"-Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Gürcüstan, Ermənistan, Moldova – bu ölkələrdə etibarnamə ləğv olunub. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və avtomobil sənədləri kifayətdir. Etibarnamə yalnız satış və hüquqi əməliyyatlarda istifadə olunur.

-İran, Türkmənistan, Özbəkistan – etibarnamə məcburi deyil, əsasən sərhəd keçidi və ya hüquqi əməliyyatlar zamanı tələb olunur.

-Şimali Koreya – burada gündəlik sürücülük üçün etibarnamə tələb olunmur, çünki avtomobillərin əksəriyyəti dövlətə məxsusdur.

-Bəzi Afrika və Asiya ölkələri – etibarnamə yalnız kommersiya və hüquqi kontekstdə istifadə olunur".

Məmmədov vurğulayıb ki, 2025-ci ilə olan məlumata görə, Azərbaycan dünyada avtomobil idarə etmək üçün etibarnamə sistemini qoruyub saxlayan yeganə ölkədir: “Niyə BMT-yə üzv 193 ölkənin 192-si bu korrupsiya yaradan, vətəndaşlıq və mülkiyyət hüquqlarına zidd olan qaydanı ləğv etdiyi halda, yalnız Azərbaycan onu daha da sərtləşdirir? Ailə üzvü ortaq mülkiyyətdə olan avtomobili idarə etdiyinə görə cərimə olunur və maşın cərimə meydançasına aparılır. Bu, tamamilə məntiqsiz və hüquqa zidd haldır.”

Professor sonda ümid etdiyini bildirib ki, Azərbaycan parlamenti və hökuməti bu vəziyyəti nəzərə alaraq, cəmiyyətdə narazılıq doğuran bu lazımsız qaydanın ləğvi istiqamətində addımlar atacaq. /AzPolitika.info//

Избранный
12
1
turkustan.az

2Источники