RU

“Ryanair” Almaniyada yüzlərlə uçuşu ləğv edib

Berlin, 5 oktyabr, AZƏRTAC

Avropanın ən böyük aşağı büdcəli aviaşirkətlərindən olan “Ryanair” Almaniyada yüzlərlə uçuşu ləğv etdiyini açıqlayıb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, şirkətin məlumatında ixtisarların noyabrın son üç, dekabrın ilk iki və yanvarın son üç həftəsini əhatə edəcəyi bildirilib. Milad bayramı dövründəki uçuş proqramı hələlik dəyişməz qalır. Bəzi istiqamətlər üzrə məhdudiyyətlərin 2026-cı ilin martınadək uzadılacağı bildirilir.

Ən çox azalma Memminqen aeroportunda qeydə alınıb. Burada həftəlik 27 reys ləğv olunur. Ümumilikdə şirkət noyabrda uçuş tezliyinin 4 faizini, dekabrda 6 faizini, yanvarda isə 30 faizini ixtisar edəcək. Berlində yanvar ayına planlaşdırılmış 246 uçuşdan yalnız 170-i qalacaq. Köln hava limanında isə 44 istiqamət proqramdan çıxarılıb.

Şirkət bu qərarı Almaniyada hava limanı və təhlükəsizlik rüsumlarının yüksək olması ilə əlaqələndirib. “Ryanair”in satış direktoru Dara Bredi daha əvvəl bildirmişdi ki, əgər Almaniya hökuməti mövcud vergi siyasətinə yenidən baxmasa, əlavə məhdudiyyətlər qaçılmaz olacaq.

Aviasiya mütəxəssisləri “Ryanair”in bu qərarının Almaniyada hava nəqliyyatı sektorunda rəqabət şəraitini zəiflədə və biletlərin qiymətinin bahalaşmasına gətirib çıxara biləcəyini vurğulayırlar. “Ryanair”dən sonra “WizzAir” də Almaniyada qış mövsümü üçün uçuş tezliyini azaldıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
35
4
azertag.az

5Источники