RU

“Qarabağ”dan öyrənmək istəmirlər, yoxsa bu yol daha sərfəlidir?

İllərdir hamı Qurban Qurbanovdan və onun rəhbərlik etdiyi “Qarabağ”dan danışır.

Dünənə qədər qazanılan uğurlar bəlkə də ciddi qəbul olunmurdu. Bəlkə də təsadüf kimi baxırdılar, Avropa Liqası və ya Konfrans Liqasındakı çıxışlar üst səviyyə sayılmırdı.

Lakin Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə və startda qazanılan iki inamlı qələbə düşüncələri alt-üst edib, iddialı parçalayıb.

Son iki həftədə “Qarabağ” adlı klub ölkə hüdudlarından kənarda dillər əzbəri olub.

Qurban Qurbanov sözün əsl mənasında futbol professoru, “Qarabağ” isə futbol üzrə ali məktəbdir. Yəni inkişaf etmək, nəsə öyrənmək üçün əyani vəsaitdir.

Razılaşaq, “Qarabağ”ı “Qarabağ” edən sistemdir. Qurban Qurbanovun futbol fəlsəfəsi, kluba yeritdiyi və çoxları üçün təəccüb doğuran futbol sistemi.

Həmin sistem futbolçularən adından, çəkisindən asılı deyil. Mühərrik kimi işlək mexanizmdir. İlin dörd fəslində çalışmaq gücünə malikdir. Ayrı-ayrı futbolçulara, yaxud böyük pullara söykənmir. Marko gedir, Mateus gəlir, Benzia gedir, Kadi gəlir, Juninyo gedir, Duran gəlir – fərq etmir, mexanizm işləyir.

Çünki mexanizmi çalışdıran adam – Qurban Qurbanov işinin başındadır. Söz yox, o, əlini çəksə, zamanla müəyyən eniş yaşanacaq.

Bəy tərifi fikrindən uzağam. Demək və soruşmaq istədiyim başqadır.

Qurbanov uzaqda deyil. İlin 10 ayını Bakıda, 9 ayını bazada olur. Qapısı hamıya da açıqdır. Sual ver, cavabını al.

“Qarabağ”ın göstərdiyi futbol da göz qabağındadır. Qapalı zalda oynamırlar ki, nələrisə gizli saxlasınlar. Hər şeyi açıb qoyublar ortaya. Bax, öyrən.

Hə, gözlərimizin önündə “Qarabağ” kimi nümunə varsa, digər klublar niyə öyrənmir? Niyə inkişaf etməyə maraq göstərmirlər?

Hansı klub rəhbəri, yaxud baş məşqçi ardıcıl 12 ildir avrokubokların qrup mərhələsində mübarizə aparan “Qarabağ”ın qapısını döyüb, inkişaf üçün kömək istəyib? Dərinə getsək, qapını döyməyə gərək yoxdur. Görüb-götürməklə də öyrənmək mümkündür.

Hansı klub rəhbəri baş məşqçisi ilə üzbəüz oturub, ona azı 5 il güvənəcəyini deyib? Hansı klub rəsmisi “yayda 10 nəfər göndərib, 10 nəfər gətirək” fikrindən vaz keçməyi düşünüb? Hansı klub rəsmisi “Qarabağ”ın yolu ilə gedib ucuz bazardan ucuz futbolçular gətirib, inkişaf planı ilə onları satmaq barədə düşünüb?

Sadalasaq, 10-larla suallar yaranacaq. Lakin cavab tapa bilməyəcəyik.

Ayılın, bəylər. İllərdir yürütdüyünüz siyasət ölkə futbolunu və klubları uçuruma aparıb və aparmaqdadır. Qurban Qurbanovun telefon nömrəsi hər birinizdə var. “Qarabağ”ın qapısını da tanıyırsınız.

Futbolun inkişafını istəyirsinizsə, “Qarabağ”dan öyrənin. Eqonuzu, şəxsi maraqlarınızı kənara qoyub inkişaf barədə düşünün. Təbii ki, hər yay avrokuboklarda qapazaltı olmaq sizi narahat edirsə.

Etmirsə, belə də davam edin. Onsuz da “Qarabağ” ölkə futbolunun yükünü daşımağa öyrəncəlidir.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
16
sportinfo.az

1Источники