Yeni model 900 volt texnologiyası, güclü batareya sistemi və 10 dəqiqəyə 80%-lik enerji toplama imkanı ilə diqqət çəkir...
Poliqon xəbər verir ki, Çin istehsalçısı Zeekr uzun məsafə qət etmə qabiliyyətinə və yüksək texnoloji göstəricilərə malik yeni nəsil elektromobil modelini təqdim edib. Interesting Engineering nəşrinin məlumatına görə, avtomobil 900 voltluq enerji arxitekturası ilə təchiz olunub və bir dəfə tam enerji ilə 805 kilometrə qədər məsafə qət edə bilir.
Yeni Zeekr modeli hazırda bazarda ən uzun məsafə katedən elektromobillər arasında ön sıralarda yer alır. İstehsalçı bildirib ki, batareyanı 10%-dən 80%-ə qədər cəmi 10 dəqiqəyə doldurmaq mümkündür. Bu, elektromobilin enerji yığma prosesini adi yanacaqdoldurma təcrübəsinə yaxınlaşdırır.
Avtomobil tam ötürücülü (AWD) sistemlə təchiz edilib ki, bu da idarəetməni istənilən yol şəraitində sabit və təhlükəsiz edir. Güclü mühərrik sayəsində Zeekr 0-dan 100 km/saata qədər sürəti 2,83 saniyəyə toplayır — bu göstərici dünyanın ən sürətli idman avtomobilləri ilə müqayisə edilə bilər.
Təxminən 2 100 kq kütləyə malik olan elektromobil üçün bu çəki göstəricisi tam ötürücülü sistem və iri batareya bloku nəzərə alındıqda optimal hesab olunur. Avtomobil aerodinamik göstəriciləri yaxşılaşdırılmış dizayna malikdir ki, bu da uzun məsafələrdə enerji sərfini azaldır və sabit sürüş təmin edir.
Salon dizaynında premium səviyyəli yeniliklər tətbiq olunub: rəqəmsal idarəetmə panelləri, müasir multimedia sistemi, sürücü köməkçi texnologiyaları və yüksək komfortlu materiallarla işlənmiş interyer Zeekr-i həm texnoloji, həm də estetik baxımdan fərqləndirir. Arxa oturacaq sahəsi genişləndirilib, baqaj hissəsi isə uzun səfərlər üçün optimallaşdırılıb.
Şirkət həmçinin yaxın gələcəkdə avtomobilə avtonom idarəetmə funksiyalarının və təkmilləşdirilmiş təhlükəsizlik sistemlərinin inteqrasiyasını planlaşdırır. 805 km-lik məsafə və sürətli enerji yığma imkanı Zeekr modelini həm şəhər istifadəsi, həm də uzun məsafəli səyahətlər üçün ideal edir.
Mütəxəssislər qeyd edirlər ki, Zeekr-in yeni elektromobili Çinin elektromobil sənayesində texnoloji irəliləyişini nümayiş etdirir və bu seqmentdə Qərb istehsalçıları ilə rəqabəti gücləndirəcək.
Poliqon.info