RU

Avropa İttifaqı Gürcüstandakı seçkiləri sərt tənqid etdi “Səfirə hücumlar qəbuledilməzdir”

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqı (Aİ) Gürcüstanda şənbə günü keçirilən yerli seçkilərlə bağlı bəyanat yayıb. Aİ-nin mövqeyinə görə, səsvermə müxalifətə qarşı təzyiqlər və repressiyalar fonunda baş tutub.

Bəyanatda qeyd olunur ki, son aylarda müstəqil mediaya qarşı hücumlar, vətəndaş cəmiyyətini hədəf alan qanunlar, müxalifətçilərin və ictimai fəalların həbsi, eləcə də seçki məcəlləsinə iqtidarın xeyrinə edilən dəyişikliklər rəqabətli seçkiləri mümkünsüz edib. Bu səbəbdən müxalifətin əksəriyyəti seçkiləri boykot edib, iştirak isə aşağı səviyyədə qalıb.

Aİ bildirir ki, Gürcüstan hakimiyyəti seçkilərə vaxtında beynəlxalq müşahidəçiləri – xüsusilə ATƏT/DTİHB missiyasını dəvət etməyib. Bu, prosesin şəffaflığına ciddi şübhə yaradıb. Ölkədaxili təşkilatlar da repressiv mühit səbəbindən müşahidədən imtina ediblər.

Bəyanatda qeyd olunur ki, “Gürcü Arzusu” hakimiyyətinin siyasəti fonunda ölkədə geniş xalq etirazları davam edir. Aİ siyasi motivlərlə saxlanılan bütün şəxslərin dərhal azad olunmasını tələb edib.

Təşkilat seçkidən sonrakı dövrdə sakitlik və təmkinə çağıraraq, hökuməti vətəndaşların toplaşmaq və ifadə azadlığı hüququnu təmin etməyə dəvət edib: “Bütün siyasi qüvvələrin və vətəndaş cəmiyyətinin iştirakı ilə inklüziv dialoq zəruridir. Hər kəs zorakılıqdan çəkinməlidir.”

Aİ həmçinin Gürcüstanda yayılmış dezinformasiyanı qətiyyətlə rədd edib və təşkilatın roluna dair əsassız iddiaları tənqid edib. Bəyanatda xüsusilə Aİ-nin Tbilisidəki səfirinə qarşı yönələn şəxsi hücumların qəbuledilməz olduğu vurğulanıb.

Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze oktyabrın 4-də baş verən toqquşmaların Aİ-nin Gürcüstandakı səfirinin təşkilatçılığı ilə həyata keçirildiyini iddia edib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
azpolitika.info

1Источники