RU

Allahşükür Paşazadə ABŞ-də səfərdədir - FOTO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-nin Solt-Leyk-Siti şəhərində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Ümumdünya Qurultayında iştirak edib.
 
Moderator.az xəbər verir ki, bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb.
 
QMİ sədri qeyd edib ki, Azərbaycan bəşəri insan həmrəyliyinə xidmət edən amallar ətrafında birləşməyə təşviq edən bütün beynəlxalq səyləri hər zaman dəstəkləyir, bu istiqamətdə tədbirlərdə fəal iştirak edir.
 
"Amerika Birləşmiş Ştatları və Azərbaycanın dini konfessiyaları arasında yaranmış dostluq əlaqələri bizim üçün olduqca dəyərlidir. Qarşılıqlı səfərlərimiz, birgə tədbirlərimiz, təşəbbüskarı olduğumuz müştərək layihələr mənəvi əhəmiyyət kəsb edir, xalqlarımızın mənafeyinə xidmət edir. Böyük məmnuniyyətlə bəyan etmək istəyirəm ki, İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin icması Azərbaycanın multikultural ailəsinə rəsmən üzv olub. Bu kilsənin mənsublarını, ardıcıllarını Azərbaycanın dinlərarası harmoniya mühitində salamlayır, xeyirlərə vəsilə olmasını diləyirəm.
 
Azərbaycan xalqı ABŞ dövlətinin beynəlxalq hüququn dünyada ən güclü dəstəkçisi olaraq uzun onilliklər boyunca ərazi bütövlüyümüzün bərpası yönündə haqq işimizə dəstəyini, habelə Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində ABŞ-nin davamlı səylərini yüksək dəyərləndiririk. Bu il 8 avqust Vaşinqton zirvəsini bu dəyərli səylərin, ABŞ Prezidenti Tramp cənablarının sülh işinə şəxsi dəstəyinin nəticəsi olaraq olduqca yüksək qiymətləndiririk. Fürsətdən istifadə edərək, Stirlinq Fondunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi kimi humanist təşəbbüsə verdiyi böyük maddi və mənəvi dəstəyə görə xalqımız, bütün dini konfessiyalarımız adından dərin minnətdarlığımızı bildirmək istərdim".
 
A.Paşazadə bildirib ki, dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi Yuta ştatı ilə, Stirlinq fondu, 12 həvarilər kvorumu ilə əlaqələrin yüksək səviyyəli işgüzar, səmərəli münasibətləri ilə fəxr edir.
 
Şeyxülislam Kilsənin mərhum rəhbəri prezident Rassel Nelsonun vəfatı ilə bağlı kilsə icmasına dərin hüznlə başsağlığı verib, habelə Kilsənin yeni prezidenti Dallin Oksu təbrik edib.
 
Konfransdan sonra Şeyxülislam A. Paşazadə Yuta Ştatının Senat sədri Adam Stüart ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə Azərbaycanın multikultural həyat tərzi barədə xoş fikirlər ifadə edən Senat sədri Azərbaycana rəğbət və dəstəyini ifadə edib.
 
Tədbirlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Paşazadə iştirak ediblər.
 
QMİ sədrinin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.
Избранный
12
1
moderator.az

4Источники