RU

Putinə ad günü sürprizi – “Hədiyyə”nin beləsi...

Sabah – oktyabrın 7-də Rusiya prezidenti Vladimir Putinin ad günüdür. Putinin 73 yaşı tamam olacaq. Təbii ki, həmin gün o, ilk növbədə ən yaxın, simsar bildiyi dövlət başçıları və ictimai xadimlərdən təbrik, xoş sözlər gözləyəcək. Kimlərdən?

Ən maraqlısı da budur. Niyə? O səbəbə ki, getdiksə dünyada daha təcrid duruma düşən bir işğalçı ölkənin liderinin bu təbriklərə indi heç vaxt olmadığı qədər, ehtiyacı var. Bununla o, özünün heç də təklənmədiyini kollektiv Qərbə, anti-Rusiya koalisiyasına göstərməyə çalışacaq. Hətta öz aləmində bunu Ukraynaya qarşı təcavüzə dolayı dəstək kimi yozacaq.

Hərçənd heç Putinin ən yaxın və sadiq dostu sayılan Aleksandr Lukaşenko, Belarus da indiyədək Kırmı və digər 4 bölgəni Rusiya ərazisi kimi tanımayıb. Düz edib, sabah vəziyyət 180 dərəcə dəyişə, “Batka” beynəlxalq birliyin hədəfinə gələ bilər...

Putin isə dinbir və dilbir Ukraynaya qarşı təcavüzkar və ədalətsiz müharibəni dayandırmaq niyyətində deyil. Bu barədə o, ötən həftəsonu Soçidə “Valday” diskussiya klubunda çıxışında birmənalı bəyan edib. Eyni zamanda, Qərbin, özəlliklə ABŞ-ın silahlarından qorxmadıqlarına işarə vurub.

Məsələn, Kreml başçısı bildirib ki, “ABŞ-ın Ukraynaya 2500 km məsafəyədək uçan “Tomahawk” raketləri verməsi heç nəyi dəyişməyəcək, necə ki, vaxtilə ATACMS raketləri ciddi dönüşə səbəb olmayıb”. Lakin ardınca deyib ki, yeni dağıdıcı silahlar ABŞ-Rusiya münasibətlərindəki kövrək müsbət rüşeymləri darmadağın edəcək. “Bu, ən azından müşahidə olunan müsbət tendensiyaların məhvinə gətirəcək”, – Kreml rəhbəri bir növ Trampa “xox” gəlməyə çalışıb.

Yaxşı, yeni silahlar Rusiya prezidentinin vecinə deyilsə, yəni dağıdıcılığına görə digər Qərb silahlarından ciddi fərqlənmirsə, onda niyə təlaş keçirir? Ötə yandan, heç ATACMS raketləri də Putinin iddia elədiyi kimi, zəif raketlər sayılmaz. Yoxsa Rusiya 2025-ci il ərzində Ukraynadan ən az ərazi qoparmaqla kifayətlənməzdi. Ukrayna “bataqlığında” bir az da dərinə girməzdi.

İndi bunun üstünə Rusiyanın daha dərin bölgələrindəki strateji obyektlərin geridönməz şəkildə məhv edilməsini də gəlin. Qısası, Putin bir yandan qorxur, o biri yandan da əlbəttə ki, bu qorxunu “neytrallaşdırmağa” cəhd edir. Sözsüz ki, həm Ukraynada, həm də kollektiv Qərbdə Putinin yuxarıdakı açıqlamalarını necə var, elə də oxuyacaqlar. Şişirdib-eləmədən...

Bu xüsusda ABŞ-dakı Müharibəni Öyrənmə İnstitutu (ISW) yayımladığı hesabat diqqət çəkir. Sənədə əsasən, Putin ABŞ-ı Ukraynaya “Tomahawk” tipli qanadlı raketlərin verilməsindən çəkindirmək üçün intensiv təzyiqlər göstərir.

Sitat: “Bu məqsədlə Putin müxtəlif taktikalardan istifadə edir. İkili münasibətlərin pisləşəcəyi ilə hədələmək, həmçinin həmin silahların effektivliyini kiçiltmək. Məqsəd Vaşinqtonun qərarına təsir göstərmək və münaqişədə güzəştlərə nail olmaqdır. Analitiklər xatırladır ki, eyni arqumentlər daha əvvəl də gündəmə gəlmişdi. Xüsusilə Ukraynaya ATACMS raketlərinin, F-16 qırıcılarının və “Abrams” tanklarının verilməsi müzakirə olunanda Kreml oxşar ritorikadan istifadə edib”.

ISW ekspertlərinə görə, “Tomahawk”ların Ukrayna üçün böyük strateji üstünlüyü var. Raketlərin 2,5 min km-lik modifikasiyası Rusiyanın azı 1945 hərbi obyektini, 1600 km-lik versiyası isə 1655 obyektini vura bilər...

Maraqlıdır ki, Putinin köməkçisi Nikolay Patruşev də öz “şefindən” geri qalmayıb. Ötən ilin mayından bu postu tutan keçmiş FTX (“FSB”) direktoru və Təhlükəsizlik Şurasının sabiq katibi iddia edib ki, guya Rusiya Silahlı Qüvvələri hazırda dünyanın ən güclü ordusudur. “Peşəkar hərbçilər çox yaxşı başa düşürlər ki, biz indi hər bir ölkədən güclüyük. Bir çoxu ABŞ-ın ən güclü orduya sahib olduğunu deyir. Bu, belə deyil. Ordumuz daha güclüdür və sərt cavab verə biləcək gücə malikdir”, - Patruşev özündənrazı şəkildə əlavə edib.

Görəsən bununla kimə təsəlli verir və ya hansı paytaxtları qorxutmaq istəyir cənab Narışkin? “Dünyanın ən güclü ordusu” 4 ildir Ukrayna ilə bacara bilmirsə, o zaman yada məşhur deyim düşür: “Rusiya dünyada yox, Ukraynada ikinci orduya sahibdir”.

Putinin 73-cü ad gününə gəlincə, ümid edək ki, ona ən layiqli sürpriz və ya “hədiyyə” elə Trampdan gələcək - “Tomahawk” raketlərinin Ukraynaya tədarükü ləngiməyəcək. Çünki tarixin “daşlaşmış” təcrübəsi göstərir ki, Rusiya yalnız real hərbi güc qarşılığında öz “qınına” çəkilir. Özü də vaxtında ortaya qoyulan real güc.

Rusiya ordusu isə dünyada birinci-zad deyil, olmayacaq. Bir imperiyanı silah gücünə əbədi saxlamaq mümkünsüz...

Z.SƏFƏROĞLU

Избранный
13
1
musavat.com

2Источники