RU

Müxalifət hakimiyyət qarşısında elə bir tələb qoydu ki: “Bizimlə məsləhətləşmədən…”

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin Reaksiya TV-də səsləndirdiyi son fikirlər diqqət çəkib. O, hökumətin qiymət artımı ilə bağlı hər hansı addım atmadan əvvəl geniş ictimai dinləmələr keçirməli olduğunu bildirib. Onun fikrincə, bu məsələdə yalnız rəsmi dairələrin deyil, KİV nümayəndələrinin, QHT-lərin və siyasi partiyaların da fikri öyrənilməli, geniş müzakirələr aparılmalı, daha sonra qərar verilməlidir.

Bəs bu nə dərəcədə realdır? Ümumiyyətlə, belə bir addıma ehtiyac varmı?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov hesab edir ki, qiymət artımı ilə bağlı ictimai dinləmələrin keçirilməsi real görünmür:

“Çünki tənzimlənməyən qiymətləri bazar müəyyən edir, tənzimlənən qiymətlər isə Tarif Şurasının səlahiyyətindədir. Bu səbəbdən sözügedən məsələ ictimai dinləmələrin predmeti ola bilməz”.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə məsələyə fərqli yanaşır. Onun sözlərinə görə, Azərbaycanda ictimai müzakirə mühiti zəifləyib:

“Ölkədə ictimai müzakirələrin səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb. QHT-lər, siyasi partiyalar və digər ictimai institutlar arasında fikir mübadiləsi zəifdir. Baxmayaraq ki, siyasi partiyalarla Prezident Administrasiyası arasında müəyyən görüşlər keçirilir və bu, olduqca dəyərlidir, bu görüşlərdə əsasən siyasi və ictimai məsələlər müzakirə olunur. İqtisadi mövzuların ayrıca müzakirə ediləcəyi platformalara ehtiyac var. Prezident Administrasiyası bu baxımdan açıq mövqe nümayiş etdirir, lakin hökumətin iqtisadi bloku bu cür müzakirələrə açıq deyil. Nəticədə qəribə bir vəziyyət yaranıb. Halbuki hökumətin iqtisadi komandası da siyasi partiyalarla dialoqa girsə, bu, həm rezonans doğurar, həm də daha effektli nəticələr verə bilər”.

Избранный
9
1
konkret.az

2Источники