RU

QƏBƏLƏDƏ TÜRK ZIRVƏSİ BAŞLAYIR “Narahat olan üç ölkə var...”

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Qəbələdə oktyabrın 6–7-də Türk Dövlətləri Təşkilatının (TDT) zirvə toplantısı işə başlayacaq. Artıq təşkilata üzv olan ölkələrin liderləri, eləcə də Macarıstan və Türkmənistan rəhbərləri Qəbələ şəhərinə gəlməyə başlayıblar. Prezident İlham Əliyevin ali qonaqlarla görüşləri artıq start götürüb.

Zirvə toplantısından gözləntilərini açıqlayan politoloq Elxan Şahinoğlu xatırladır ki, 2009-cu ildə Naxçıvan şəhərində təsis olunan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq bütün sahələrdə genişlənib. 

O, budəfəki sammitin əsas mövzusuna diqqət çəkir: “Liderlər regional sülh və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Bu mövzu xüsusi olaraq seçilib, çünki ətraf bölgələrdəki müxtəlif müharibələrin regiona sıçrama ehtimalı mövcuddur və bunun qarşısının alınmasında türk dövlətlərinin təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməsi vacibdir.”

Elxan Şahinoğlu qeyd edib ki, türk dövlətləri arasında siyasi və iqtisadi əlaqələrlə yanaşı, hərbi-texniki sahədə də əməkdaşlıq yolları axtarılmalıdır. Bu əməkdaşlıq birgə hərbi təlimlərin keçirilməsindən tutmuş, hərbi texnika istehsal edən ortaq müəssisələrin yaradılmasına qədər geniş bir sahəni əhatə edir.

Politoloq bildirib ki, beynəlxalq aləmdə Türk Dövlətləri Təşkilatına iki yanaşma mövcuddur: birincisi – müsbət, ikincisi – mənfi. ABŞ və Avropa İttifaqı ölkələri təşkilata müsbət yanaşır. Vaşinqton və Brüssel türk dövlətləri arasında inteqrasiyanın genişlənməsini təhlükəli deyil, əksinə, faydalı hesab edir.

Elxan Şahinoğlu əlavə edib ki, Zəngəzur dəhlizinin reallaşması türk dövlətləri arasında inteqrasiyanı gücləndirəcək əsas layihələrdən biridir.

O bildirib ki, ABŞ və Avropa İttifaqının Mərkəzi Asiya ölkələri ilə 5+1 formatında əməkdaşlıq modeli mövcuddur. Bu formatın əsas səbəblərindən biri Qərbin Mərkəzi Asiyada Rusiya və Çinlə rəqabət aparmaq istəməsidir. Eyni zamanda, Mərkəzi Asiya ölkələri də bu formatın davamında maraqlıdır, çünki hər nə qədər Rusiya və Çinlə sıx əməkdaşlıq etsələr də, bu iki ölkədən asılı olmaq istəmirlər və alternativ istiqamətlərə üstünlük verirlər. Politoloq qeyd edib ki, Mərkəzi Asiyanın Rusiya və Çindən asılı olmaması türk inteqrasiyası üçün mühüm əhəmiyyət daşıyır.

Elxan Şahinoğlu vurğulayıb ki, türk dövlətləri arasında inteqrasiyadan narahat olan üç ölkə var: Rusiya, Çin və İran. Bu ölkələrin rəsmiləri və diplomatları açıq şəkildə türk dövlətləri arasında inteqrasiyanın əleyhinə açıqlama verməsələr də, Moskva, Pekin və Tehran bu prosesi özləri üçün təhlükə kimi dəyərləndirirlər.

Politoloq bildirib ki, türk dövlətləri arasında inteqrasiya heç bir dövlətə və ya ittifaqa qarşı yönəlməyib, əksinə, qarşılıqlı inteqrasiya türk dövlətlərinin müstəqil inkişafını sürətləndirən əsas amillərdəndir. Görünür, məhz bu amil Rusiya, İran və Çindəki müəyyən dairələrin xoşuna gəlmir, çünki bu ölkələr qonşu dövlətlərin də özləri kimi siyasət yürütməsini istəyirlər. Türk birliyi isə Qərblə dialoq şəraitində inkişaf edir.

Elxan Şahinoğlu əlavə edib ki, Rusiya, Çin və İran türk birliyinin inteqrasiyasına mane ola bilməyəcəklər, çünki türk dövlətləri arasında inteqrasiya zamanın tələbidir.

O bildirib ki, Qəbələdə keçirilən toplantıda Şimali Kipr Türk Respublikasının (Kuzey Kıbrıs Türk Cumhuriyyəti) Prezidenti Ersin Tatar da iştirak edəcək. Politoloq qeyd edib ki, Ersin Tatar türk dövlətləri liderlərinin Azərbaycanda keçirilən bütün toplantılarına dəvət olunur. Türkiyə Şimali Kipr Respublikasının TDT-də müşahidəçi statusundan tamhüquqlu üzvlüyə keçməsini dəstəkləyir. Elxan Şahinoğlu bildirib ki, Azərbaycan da bu qərarı dəstəkləməyə hazırdır və son söz Mərkəzi Asiya ölkələrinin liderlərinə məxsusdur.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
1
azpolitika.info

10Источники