RU

Müəllim 45 dəqiqəni iki sinfə bölür — mütəxəssislər narazı, nazirlik isə razıdır

Qəbələnin Tikanlı kənd tam orta məktəbində I və II sinif şagirdləri eyni sinif otağında dərs keçir. Bu vəziyyətdən narazı olan valideynlər sinif otaqları və müəllimlərin yetərli sayda olduğu  təqdirdə iki sinifin birləşdirilməsini məqsədəuyğun saymadıqlarını bildiriblər. Bu barədə  "Xəzər" TV -nin reportajında məlumat verilib.

Məlumata görə, müəllim 44 dəqiqəlik dərs saatını iki hissəyə bölərək əvvəlcə  birinci, sonra isə ikinci sinifərə dərs keçir. 

Nazirlər Kabinentinin “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında qərarda qeyd olunur ki, İbtidai təhsil səviyyəsinin bir sinfində şagird sayı 10 nəfərdən az olduqda, həmin sinif ibtidai təhsil səviyyəsinin şagird sayı 10 nəfərdən az olan digər bir sinfi ilə birləşdirilərək komplekt siniflər təşkil olunur.

Məsələ ilə bağlı milli məclisin deputatı Ceyhun Məmmədov bildirir ki, bu cür tədris effektiv deyil.

"Müəllimlərin sinifdəki vəziyyəti nəzərə alınmalıdır. 20 dəqiqə bir sinifə, 20 dəqiqə digərinə dərs keçmək səmərəli olmaya bilər.  Bu mövzu ciddi araşdırılmalıdır", - deputat vurğuayıb.

Təhsil eksperti Elmin Nuri bildirir ki, birləşdirilmiş siniflərdə  ancaq bununla bağlı xüsusi təlim keçmiş müəllimlər dərs keçə bilər. 

"Şagird sayı az olan region məkəblərində bu addımın atılması, təhsilin məzmun keyfiyyəti baxımından səmərəli olmaya bilər. On nəfərdən az şagird sayı olan siniflərdə dərs zaman bölgüsünə əsasən keçirilir.   Bu şagirdlərə uyğun dərs metodu deyil. Burada bir sıra suallar ortaya çıxır. Siniflərdə  müəllim pedoqoji  işi necə təşkil edir?  Bu müəllimlər birləşdirilmiş siniflərdə dərs keçmək üçün treninqlər keçiblərmi? Bu kimi məsələlər araşdırılmalıdır. Bu kimi siniflərdə  dərs keçən müəllimlərin xüsusi hazırlığı olmalıdır", - ekspert bildirib.

Sosioloq Naib Niftəliyevin fikrincə,  şagirdlərin sayı beş nəfərdən az olsa belə siniflər birləşdirilməməlidir. 

"Şagirdlərin sayı az olduqda Nazirlər Kabineti pula qənaət etmək üçün sinifləri birləşdirir. Ancaq bu yanaşma doğru deyil. Şagirdlərin sayı beş nəfərdən aşağı olsa belə, xüsusi bir zərurət olmasa  siniflər  birləşdirilməməlidir.  Auditoriyada 15 nəfərdən çox şagird varsa, diqqət də yayınır. Bu baxımdan say həddi məqsədli şəkildə 7-9 nəfər olmalıdır. Bunu sosial-psixoloji tətqiqatlar da təsdiq edir.   Nazirlər Kabinentinin qərarına yenidən baxılmalıdır.  Şagirdlərin dərs yükü onsuz da çoxdur. Birləşmə  zamanı onlar daha da yüklənir, birinci sinifin şagirdləri həm də ikinci sinifə aid proqramı dinləməli olurlar. Fərdi yanaşmaya önəm verilməlidir", - sosioloq bildirib.

Psixoloq Elnur Rüstəmov bildirir ki,  siniflərin birləşdirilməsi  uşaqlarda psixoloji problemlər yarada bilər. 

"Qanunvericiliyə görə, birləşdirilmiş siniflərdə şagird sayı 18 nəfərdən çox olmamalıdır.  Lakin dərslərin “20 dəqiqə birinə, 20 dəqiqə digərinə” kimi bölüşdürülməsi normativ sənədlərdə birbaşa göstərilməyib, bu daha çox praktik yanaşmadan irəli gələn haldır. Məsələyə psixoloji tərəfdən yanaşsaq, qeyd etməliyəm ki, ibtidai siniflər uşağın məktəb həyatına uyğunlaşdığı ən həssas mərhələdir. Bu dövrdə müəllimə bağlılıq, sinif mühitinə adaptasiya və öyrənmə motivasiyası çox mühüm əhəmiyyət kəsb edir. Siniflərin birləşdirilməsi müəyyən üstünlüklər versə də, ciddi çətinliklər də yarada bilər. Yəni işin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəf ondan ibarətdir ki, belə qruplarda şagirdlər daha kiçik mühitdə ünsiyyət qurur, müxtəlif yaşlı uşaqlarla birlikdə sosial bacarıqlarını inkişaf etdirə bilirlər. Müəllim isə fərdi yanaşma üçün daha çox imkan əldə edə bilər. Mənfi tərəf ondan ibarətdir ki, belə hallarda fərqli yaş və proqram səviyyələri diqqətin yayılmasına, bəzən də əlavə yüklənməyə səbəb olur. Birinci sinif şagirdi ikinci sinfin mövzularını dinlədikdə, özünü çətinlik qarşısında və ya çaşqın vəziyyətdə hiss edə bilər. Bu da motivasiya və emosional dayanıqlılığa mənfi təsir göstərir. Müəllimlər  dərs planlamasını elə qurmalıdırlar ki, hər bir yaş qrupu öz inkişaf səviyyəsinə uyğun bilik və bacarıq əldə etsin. Bundan başqa, valideynlərlə mütəmadi əlaqə və uşaqların psixoloji durumunun izlənməsi vacibdir. Qərar inzibati və təşkilati baxımdan başadüşülən olsa da, onun psixoloji nəticələrinin yumşaldılması üçün pedaqoji metodikanın xüsusi hazırlanmasına ehtiyac var. Əks halda, uşaqların adaptasiya və motivasiya prosesində müəyyən çətinliklər qaçılmazdır",-  psixoloq vurğulayıb.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda birləşdirilmiş siniflərin ayrılması müzakirə olunmur.

Aytac Zeynalova

 

Избранный
11
2
anews.az

3Источники