RU

Vüqar Rəhimzadə: Azərbaycan Türk dünyasının birliyinə davamlı töhfələr verir

Ötən il Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən  Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündəki çıxışında dövlət başçısı İlham Əliyev “Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək” fikirləri ilə türk dünyasının birliyinin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olduğunu  bir daha təsdiqlədi. Əsas çağırış budur ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir. Nəzərə alsaq ki, hazırkı dövr yeni dünya nizamının formalaşdığı mərhələdir, bu halda Azərbaycanın Türk dünyasının birliyinin daha da möhkəmləndirilməsi ilə bağlı çağırışı  özündə  əsas məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyev Türk dünyasını böyük bir ailə kimi dəyərləndirir və daim bildirir ki, bizim ailəmiz Türk dünyasıdır.

Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda bu gün dünya türk dövlətlərinin birliyinin, həmrəyliyinin şahidinə çevrilir. Azərbaycan daim Türk dünyasının birliyinə davamlı töhfələr verir.  Buna əmin olmaq üçün ölkəmizin Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Məhz bu töhfələrin nəticəsidir ki, dövlət başçısı İlham Əliyev 2021-ci ildə Türk Dünyasının Ali Ordeninə layiq görüldü. Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən ildən etibarən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi  Zirvə görüşlərinin keçirilməsi də Azərbaycanın  bu birliyin möhkəmlənməsində nə qədər maraqlı olduğunu təsdiqləyir. Ötən ilin iyulunda Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşü və bu tədbirdə qəbul edilmiş Qarabağ Bəyannaməsi Azərbaycanın ideoloji liderlik missiyasını və TDT-nin vahid siyasət mexanizminə ehtiyac duyduğunu bir daha sübut etdi. Prezident İlham Əliyev  həmin Zirvə görüşündə  bəyan etdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməli, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu bəyanat türk dövlətlərinin qarşısında yalnız regional deyil, eyni zamanda, qlobal miqyasda tarixi hədəf qoydu. Həmçinin TDT-nin 2024-cü ilin noyabrında Bişkekdə keçirilən XI Zirvə görüşü və 2025-ci ilin mayında Budapeştdə baş tutan qeyri-rəsmi Zirvə görüşü də təşkilatın dinamik inkişafına mühüm töhfə verib. Budapeşt görüşü əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib. Ümumilkdə Prezident İlham Əliyevin təşəbbüsləri Türk Dövlətləri Təşkilatının  inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirib. Məhz bu təşəbbüslər nəticəsində qurum formal birlikdən real təsir gücünə malik beynəlxalq təşkilata çevrilib.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, bü gün Türk dünyasının birliyinə paytaxt Bakı ilə yanaşı, bölgələrimizin, o cümlədən azad Qarabağın da  töhfələr verməsi qürurvericidir. Bu baxımdan oktyabrın 7-də  Qəbələ şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının “Regional sülh və təhlükəsizlik”  mövzusunda  XII Zirvə görüşü böyük əhəmiyyət kəsb edir. Əminliklə deyə bilərik ki, bu Zirvə görüşü Türk dünyasının ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyən ediləcəyi tarixi hadisə olacaq. Zirvə görüşü çərçivəsində TDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları bir araya gələrək sonuncu görüşdən indiyədək həyata keçirilmiş işləri dəyərləndirəcək, əldə olunmuş nailiyyətləri müzakirə edəcək və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcəklər. Görüş zamanı qəbul olunacaq sənədlər, o cümlədən XII Zirvə görüşünün Bəyannaməsi təşkilatın siyasi və institusional strukturunun yeni mərhələyə keçidini əks etdirəcək. Zirvənin sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək. Bu, ölkəmizin təşkilatdakı liderlik missiyasının rəsmi təsdiqi olacaq.

Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki,  Türk Dövlətləri Təşkilatı 3 oktyabr  2009-cu ildə  Naxçıvan şəhərində imzalanmış Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında təsis olunub. 2019-cu ildə Özbəkistan TDT-yə üzv qəbul olunub. Naxçıvan müqaviləsində təşkilatın yaradılmasında əsas məqsədlər kimi tərəflər arasında qarşılıqlı etimad, dostluq və mehriban qonşuluğun möhkəmləndirilməsi, regionda və ümumilikdə dünyada sülhün qorunması, təhlükəsizlik və etimadın gücləndirilməsi, siyasi, ticari-iqtisadi, hüquq-mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat, kredit-maliyyə və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi, türk xalqlarının böyük mədəni-tarixi irsinin təbliği, tanınması və yayılmasında kütləvi informasiya vasitələri arasında qarşılıqlı əlaqənin və tərəflər arasında təmasların təşviqi və s. göstərilib. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan TDT-nin qurucu dövlətləri olublar. Özbəkistan 2019-cu ildə təşkilata üzv qəbul edilib. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası təşkilata müşahidəçi üzv qəbul olunublar. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-nin müşahidəçi statusu verilib.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan, həmçinin 30 illik işğaldan azad olunmuş ərazilərində qardaş ölkələrlə birgə həyata keçirdiyi infrastruktur və sosial layihələr vasitəsilə bu həmrəyliyi konkret fəaliyyətə çevirir. Qardaş dövlətlərin dəstəyi ilə həmin ərazilərdə məktəblər, yaradıcılıq mərkəzləri inşa olunub, yeni təhsil və mədəniyyət ocaqları yaradılıb. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. Qazaxıstan tərəfindən Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, həmçinin Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa edilən orta məktəb də bu dəstəyin bariz nümunəsidir.

Vüqar Rəhimzadə onu da əlavə edib  ki, Zirvə görüşü  çərçivəsində,   ikitərəfli görüşlərlə yanaşı, Türk Dövlətləri Təşkilatının  Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək. Bu, yalnız protokol xarakterli görüşlər deyil, eyni zamanda, yeni təşəbbüslərin irəli sürülməsi, ortaq qərarların qəbul edilməsi və Türk dünyasının gələcək inteqrasiyasına dair strateji müzakirələrin aparılması üçün mühüm imkan olacaq. Ümumiyyətlə, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirir.

Избранный
14
6
demokrat.az

7Источники