RU

"Səbail"lə "Mingəçevir" büdrədi, "Şəfa" liderliyini möhkəmlətdi - ŞƏRH

Oktyabrın 1-3-də keçirilən oyunlarla futbol üzrə ölkə çempionatının 1-ci liqasında 4-cü tur da geridə qaldı. Tur çempionluğa iddialılardan "Səbail"lə "Mingəçevir"in büdrəməsi, "Şəfa"nın liderliyini möhkəmləndirməsiylə əlamətdar oldu.

İlk matçda "Şahdağ Qusar" "Mingəçevir"lə heç-heçə etdi. Meydan sahibləri əzmkar oyun göstərərək "nur şəhəri"nin təmsilçisindən xal qoparmağı bacardı. Komanda bunun sayəsində ortabablar sırasında qərarlaşdısa, qonaqlar hədəfindən uzaq düşdü. "Şimal"ın qonağı olan "Səbail" də eyni aqibətlə üzləşdi. "Dənizçilər" 90 dəqiqə ərzində autsayderin - Xaçmaz təmsilçisinin qapısından top keçirə bilmədi. Düzü, "Mingəçevir"lə "Səbail"in arxayınlığın qurbanı olub-olmadıqları bəlli deyil. Ancaq hadisələrin axarı bu kollektivlərin çempionluq yarışından erkən kənarlaşmasıyla nəticələnə bilər. Odu ki, komandaların işə daha məsuliyyətli yanaşmasında fayda var. Növbəti "sülh" "Zaqatala" - "Baku Sportinq" matçında qeydə alındı. Bu komandalar bərabərsəviyyəli oyun keçirdi desək, yanılmarıq. Oan görə ki, 1-ci hissədə meydan sahibləri, 2-ci yarıda qonaqlar əzmkar oyunla yadda qaldı. "Şəfa" - MOİK görüşü liderin böyükhesablı qələbəsiylə nəticələndi.Hüseyn Əliyevin 38-ci dəqiqədə qırmızı vərəqə alması qonaqların planlarını pozdu, "Şəfa"nın işinə yaradı. Belədə fasiləyə heç-heçəylə yollanan meydan sahibləri ikinci yarıda vurduğu üç qolla mövqeyini möhkəmlətdi. Tura dünən keçirilən "Cəbrayıl" - "Difai" matçıyla yekun vuruldu. Autsayderlərin dueli Qarabağ təmsilçisinin böyükhesablı qələbəsiylə nəticələndi. Belədə ağsulular sonuncu pilləyə düşdü. "Cəbrayıl" isə bir qəsər rahat nəfəs ala bilər.

Maraq üçün qeyd edək ki, turun ən çox tamaşaçı toplayan komandası 500 azarkeşlə "Zaqatala" oldu. "Şahdağ Qusar" və "Cəbrayıl"ın ev oyunlarını isə cəmi 20 tamaşaçı izlədi...

1-ci liqa, 4-cü tur
Şahdağ Qusar – Mingəçevir 0:0


Şimal – Səbail 0:0

Zaqatala - Baku Sportinq 1:1
Mətin Qəhrəmani, 22 – Xəyyam Məmmədli, 75.

Şəfa (Bakı) - MOİK (Bakı) 4:1
Nahid Əliyev, 7. Aqil Nəsibov, 51. Amir Ebrahimzade, 64. Tərlan Quliyev, 74 – Seyxan Fərəcov, 23.

Cəbrayıl - Difai (Ağsu) 4:0
Balamirzə Soltanov, 12. Dileyn Açimi, 43. Noh Lobe, 58. Andzuno Eli, 76.

1. Şəfa 4 4 0 0 13-1 12
2. Səbail 4 3 1 0 6-1 10
3. Baku Sportinq 4 2 2 0 10-6 8
4. Mingəçevir 4 2 1 1 5-3 7
5. Zaqatala 4 2 1 1 3-5 7
6. Şahdağ Qusar 4 1 1 2 4-6 4
7. Cəbrayıl 4 1 0 3 5-7 3
8. Şimal 4 0 2 2 2-7 2
9. MOİK 4 0 1 3 3-8 1
10. Difai 4 0 1 3 3-10 1

Bombardirlər: Ruslan Vorontsov (Şahdağ Qusar), Emin Zamanov, Amin Ebrahimzadə (hər ikisi "Şəfa") - 3.

Növbəti turun oyunları oktyabrın 16-17-də keçiriləcək: MOİK - Cəbrayıl, Baku Sportinq - Şəfa, Səbail - Zaqatala, Mingəçevir - Şimal, Difai - Şahdağ Qusar.

KƏNAN BAHADIR

Избранный
5
1
football-plus.az

2Источники