RU

İlham Əliyevin dedikləri olmasaydı, TDT geosiyasi mərkəz ola bilməzdi...


TDT-nin yüksəliş erası Türk dünyası üçün strateji oyanış və inteqrasiya mərhələsidir

Prezident İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündəki çıxışında təşkilatın artıq sadəcə əməkdaşlıq platforması olmadığını, bölgədə ciddi geosiyasi mərkəzə çevrildiyini vurğulayıb. İ.Əliyev bu statusun əldə olunmasında təşkilata üzv dövlətlərin siyasi sabitliyi, iqtisadi gücü, geostrateji mövqeyi, gənc və dinamik əhalisi, təbii sərvətləri və artan hərbi potensialının mühüm rol oynadığını qeyd edib.

TDT-nin regionda geosiyasi mərkəzə çevrilməsi hansi dövlətlərin geosiyasi maraqlarına uyğun gəlmir?

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyev təşkilatın artıq sadəcə əməkdaşlıq platforması deyil, regionda mühüm geosiyasi mərkəzə çevrildiyini bəyan etdi.

Baki-xeber.com nəşrinə görə, bu bəyanat təkcə diplomatik qiymətləndirmə deyil, həm də yeni reallığın ifadəsidir. Çünki TDT artıq regional və qlobal güc sistemində öz çəkisini artıran yeni oyunçudur.

TDT-nin geosiyasi statusunun güclənməsini bir neçə amil təmin edir.

Birincisi, bu siyasi sabitlik və idarəetmə modeli ilə bağlıdır. Üzv dövlətlərdə dövlət idarəçiliyinin sabitliyi və ardıcıl milli strategiyalar regional etibarlılıq yaradır.

İkincisi, sözügedən ölkələrin iqtisadi və enerji potensialı buna imkan verir. Qazaxıstan və Türkmənistan kimi enerji ilə zəngin ölkələr, Azərbaycan və Türkiyə kimi nəqliyyat və ixrac mərkəzləri təşkilatın iqtisadi dinamizminə dayaq olur.

Üçüncüsü, TDT ölkələrinin coğrafi və logistik üstünlüklərı təşkilatın yeni qlobal güc mərkəzinə çevrilməsinə şərait yaradır. TDT məkanını Şərq-Qərb, Şimal-Cənub enerji və nəqliyyat dəhlizlərinin kəsişdiyi strateji bölgə kimi formalaşdırır.

Dördüncüsü, üzv ölkələrindəki ortaq kimlik və mədəni bağlar bunu vacib prosesə çevirir. Təşkilatın ideoloji dayağı türk birliyi ideyasıdır ki, bu əməkdaşlığı sadəcə iqtisadi deyil, həm də təşkilatı mənəvi birləşdirici layihəyə çevirir.

TDT-nin yüksəlişindən narahat olan güclər hansılardır?

İlk növbədə TDT yüksəlişındən əndişələnən güc Rusiya sayıla bilər. Çünki TDT-nin Mərkəzi Asiyada və Qafqazda təsirini artırması Rusiyanın ənənəvi “təsir dairəsinə” zərbə vurur. Moskva üçün TDT Avrasiya İqtisadi İttifaqına alternativ inteqrasiya platforması kimi görünür. Rusiya TDT ölkələrini ikitərəfli əməkdaşlıqla öz orbitində saxlamağa çalışır, lakin təşkilatın kollektiv dinamizmini əngəlləmək çətinləşir.

TDT-nin türk kimliyini əsas sütun kimi təqdim etməsi İranın fars mərkəzli regional təsirinə ziddir. İranda yaşayan milyonlarla azərbaycanlı və türkdilli əhali bu ideyanın daxili rezonansını gücləndirir. İran, xüsusilə Zəngəzur dəhlizi və Azərbaycan-Türkiyə yaxınlaşmasını öz strateji izolyasiyası kimi dəyərləndirir.

Mərkəzi Asiya Çinin “Bir Kəmər - Bir Yol” təşəbbüsünün əsas istiqamətidir. Pekin hesab edir ki, TDT-nin Transxəzər və Zəngəzur kimi alternativ marşrutları Çinin nəqliyyat və enerji nəzarətini zəiflədə bilər. “Türk dünyası” anlayışı Pekində, xüsusilə uyğur məsələsi fonunda, təhlükəsizlik risqi kimi qəbul edilir.

Qərb TDT-ni hələlik tərəfdaş kimi görsə də, Türkiyənin müstəqil regional liderliyi Qərbin “balanslaşdırma siyasəti”nə çətinlik yaradır. Əgər TDT hərbi və enerji inteqrasiyasını dərinləşdirərsə, bu, NATO və AB-nin nəzarət etmədiyi bir güc mərkəzinə çevrilə bilər.

TDT-nin aktivləşməsi ilə Türkiyə və Azərbaycan regionun qərb hissəsində liderliyini möhkəmləndirir.

Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyada Rusiya-Çin balansında manevr imkanlarını artırır. Türkmənistan və Qırğızıstan isə enerji və təhlükəsizlik layihələri vasitəsilə daha çox regional əlaqəyə daxil olur.

Beləliklə, TDT artıq “dil və mədəniyyət birliyi” deyil, həm də real güc mərkəzi kimi formalaşır.

Yəni Türk Dövlətləri Təşkilatının geosiyasi yüksəlişi XXI əsrin yeni reallığıdır. Bu yüksəliş Rusiya və İran üçün təsir itkisidir, Çin üçün iqtisadi rəqabətdir. Eyni zamanda, bu təşkilat Qərb üçün yeni balans axtarışıdır. Amma TDT-nin yüksəliş erası Türk dünyası üçün strateji oyanış və inteqrasiya mərhələsidir.

Dəniz NƏSİRLİ

Избранный
52
50
baki-xeber.com

10Источники