Əli Zülfüqaroğlu: “TDT türk dövlətlərinin inteqrasiyasında önəmli rol oynayan qurumdur və artıq geosiyasi güc mərkəzinə çevrilir”
Məlum olduğu kimi, oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Zirvə görüşünün yekununa dair Bəyannamə imzalanıb. Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr Zəngəzur dəhlizini funksional hala gətirmək və inkişaf etdirmək istiqamətində göstərilən səyləri dəstəkləyir.
Türk dövlətləri Zəngəzur dəhlizi ilə bağlı məsələni dəstəkləyib.
“Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın deyil, bölgə dövlətləri, o cümlədən Türkiyə daxil olmaqla digər türk dövlətlərinin də maraqlarına tamamilə uyğundur”
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “Bakı Xəbər”ə açıqlamasında bildirdi ki, Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü önəmli məqamlarla yadda qaldı. Onun sözlərinə görə, Türk Dövlət Təşkilatı türk dövlətlərinin inteqrasiyasında önəmli rol oynayan qurumdur və artıq geosiyasi güc mərkəzinə çevirlir.
Əli Zülfüqaroğlu əlavə etdi ki, Türk Dövlətləri Təşkilatının funksionallığının artmasında və ümumilikdə türk dövlətlərinin birliyi istiqamətində zəmin formalaşmasında Azərbaycan ciddi rol oynayır: “Azərbaycanın təşəbbüskar ölkə kimi irəli sürdüyü təkliflər qardaş ölkələr tərəfindən dəstəklənir və nəzəri məsələlər artıq praktiki mexanizmə çevrilir. Təbii ki, görüləcək işlər hələ çoxdur”.
Siyasi şərhçi həmçinin diqqətə çatdırdı ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın deyil, bölgə dövlətləri, o cümlədən Türkiyə daxil olmaqla digər türk dövlətlərinin də maraqlarına tamamilə uyğundur: “Ona görə də hesab edirəm ki, türk dövlətlərinin dəhlizin açılmasını dəstəkləməsi təbiidir. Təbii ki, burada Azərbaycana göstərilən dəstəyi də gözardı etmək olmaz. Hesab edirəm ki, budəfəki Zirvə Görüşü də diqqətçəkən məqamlarla müşahidə olundu”.
Günel CƏLİLOVA