RU

Əliyev-Putin görüşü Zatulini dəliyə döndərdi: TDT ilə Qəbələ RLS-in nə əlaqəsi...

Musavat.com xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı, MDB işləri, diaspor və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Konstantin Zatulin yenidən Azərbaycana qarşı qərəzli və manipulyativ açıqlamaları ilə gündəmə gəlib.

O, “NEWS.am” nəşrinə müsahibəsində Prezident İlham Əliyevin Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə toplantısında iştirakı və Rusiya ilə münasibətlərdə yaranmış yeni mərhələ barədə fikirlərini səsləndirib.

Zatulinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev son aylarda “Rusiyadan müvəqqəti uzaq durmaqla” Vaşinqton və İrəvanla dialoqa diqqət ayırıb. O iddia edib ki, Əliyev “Zəngəzur dəhlizi barədə ABŞ-da aparılan danışıqlar zamanı Moskvaya təsir imkanı verməmək üçün bu addımı atıb”.

Qərəzli deputatdan sitat:

“O dövrdə onun üçün Rusiyadan bir qədər uzaq durmaq sərfəli idi ki, Moskva Paşinyan və Tramp ilə danışıqlarına qarışmasın. Çünki Əliyev nəticə əldə etmək istəyirdi və əmin deyildi ki, Rusiya buna təsir etməyəcək.”

Bu fikirlər, əslində, Zatulinin uzun illərdir davam edən anti-Azərbaycan ritorikasının və qərəzli baxışının növbəti təzahürüdür. O, hadisələri real siyasi kontekstdən qopararaq, Azərbaycanın müstəqil diplomatik xəttini Rusiya ilə “oyun” kimi təqdim etməyə çalışır.

Zatulinin “suallar”ı – təxribat xarakterli ritorika

Prezident Əliyevin Putinlə görüşündən sonra yaranmış situasiyanı şərh edən Zatulun münasibətlərin normallaşmasından narahatlıq keçirdiyini açıq şəkildə büruzə verir. Çörəyi anti Azərbaycan ritorikasından çıxan bu zat aralığı qatmaq üçün əlindən gələni edir. Rus deputat görüşdən sonra bir sıra “aktual sual”lar irəli sürərək vəziyyəti manipulyasiya etməyə cəhd göstərir:

“Azərbaycan tərəfindən saxlanılan rusiyalı əsirlər azad ediləcəkmi?

‘Rus evi’ əvvəlki statusunda bərpa olunacaqmı?

‘Russia Today’ və digər rus qurumlarının fəaliyyət məhdudiyyətləri aradan qalxacaqmı?”

Bəs, bizim suallar? Bəs, AZAL təyyarəsinin kompensasiyası, həlak olan sərnişinlərin qan pulu veriləcəkmi? Yekatenburqda öldürülən Səfərov qardaşlarının qanı batacaqmı? Şahin Şıxlinski və oğlu Mütvəli həbsdən çıxacaqmı? Əmlakları müsadirə olunan azərbaycanlı iş adamlarının talelərinə necə qərar veriləcək?

Qəbələ sammitinə qarşı “rus kompleksli” şərh

Zatulinin açıqlamasının ən qərəzli hissəsi isə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) sammiti ilə bağlıdır. O, bu görüşü belə, “Rusiyaya mesaj” kimi yozmağa çalışıb:

“Sammitin keçirildiyi Qəbələ simvolik yerdir — burada vaxtilə Rusiya Federasiyasına məxsus radiolokasiya stansiyası (RLS) yerləşirdi, hansı ki, İlham Əliyevin dövründə söküldü.”

Bu açıqlama açıq şəkildə Rusiyanın postsovet “imperiya nostalgiyasının” ifadəsidir. Əslində, Qəbələdəki TDT sammiti müstəqil Türk dünyasının birliyinin, inteqrasiyasının və regional əməkdaşlığın rəmzi idi.

Zatulinin bu simvolu “Rusiya üçün itirilmiş ərazi” kimi təqdim etməsi isə onun hələ də müstəqil Azərbaycan gerçəkliyini qəbul etmədiyini göstərir.

Zatulinin “NATO qorxusu” – Qafqazdakı türk faktoru

Zatulin həmçinin deyib:

“Əliyev sammitdə Türkiyə ilə 25 birgə hərbi təlim keçirdiklərini vurğuladı. Türkiyə NATO üzvüdür, biz isə Ukraynada mübarizə aparırıq ki, o, NATO-ya daxil olmasın. Amma Azərbaycan NATO üzvü olan Türkiyə ilə sıx əməkdaşlıq edir. Bu, NATO-nun Qafqaza və Xəzər regionuna doğru genişlənməsidir.”

Bu ifadə, əslində, Kremli qızışdırmaq, Azərbaycana qarşı qaldırmaq cəhdidir. Amma eyni zamanda Rusiya siyasi dairələrində Türkiyə–Azərbaycan hərbi əməkdaşlığından doğan narahatlığın göstəricisidir.

Halbuki bu əməkdaşlıq regional sabitlik və təhlükəsizlik üçün mühüm mexanizmdir və NATO ilə deyil, Türk Dövlətləri Təşkilatı çərçivəsində milli maraqlara əsaslanır.

Musavat.com-un analizi: Zatulinin məqsədi – təxribat, qərəz və keçmişin kölgəsi

Zatulinin bütün bu açıqlamaları Rusiya–Azərbaycan münasibətlərinin normallaşdığı bir məqamda qəsdən səsləndirilib. Məqsəd aydındır — etimadı zədələmək, qarşılıqlı inamı pozmaq və Kremlin içindəki ermənipərəst lobbilərin təzyiqini artırmaq.

Musavat.com olaraq qeyd etməliyik ki,

• Zatulin uzun illərdir Azərbaycan və Türkiyə birliyinə qarşı təbliğat aparan,
• Ermənistan yönümlü dairələrin sözçüsü kimi çıxış edən və Rusiya–Azərbaycan münasibətlərini korlamağa çalışan siyasətçilərdən biridir.

Qəbələ sammitinə “Rusiya üçün simvolik zərbə” kimi baxmaq, əslində, onun imperial düşüncə tərzinin qalığıdır.
Azərbaycan isə artıq o mərhələni çoxdan geridə qoyub — bu ölkə bütün regional proseslərin təşəbbüskarı və lideridir.

 

Musavat.com

Избранный
68
50
musavat.com

10Источники