RU

Təhsilin dəyişdirdiyi insan və ya kəndlinin qoruduğu dəyərlər – ACI REALLIQ

“Amerikada 25 il qalmış biri olaraq belə bir müşahidəm var: Bu ölkədə heç təhsil almamış bir insanla eyni otaqda qalmaqdan qorxuram. Beş dollar üçün sənin boğazını kəsər. Təhsil orada həqiqətən böyük fərq yaradır”.

KONKRET.az xəbər verir ki, bu sözləri vaxtilə Türkiyənin tanınmış alimi, ali məktəb müəllimi Doğan Cüceloğlu yazıb. Yazı çox maraqlı olduğu üçün oxucularla bölüşmək qərarına gəldik. Yazının davamı belədir:

“Təhsil səviyyəsi artdıqca insan daha mədəni, yetkin, məsuliyyətli, sözünün arxasında duran və daxili bütövlüyü olan bir şəxsiyyətə çevrilir. Əlbəttə istisnalar var, amma, ümumiyyətlə, vəziyyət belədir.

Türkiyəyə gələndə isə iki amil görürəm: şəhərləşmə və təhsil. Türkiyədə şəhərləşmiş və təhsil almış insandan qorxuram. Belə insanlar insafsız, yalnız öz marağını və yaxınlarının marağını düşünür. Bu hiss məndə çox güclüdür. İnsanı sümüyünə qədər sorub bitirər, heç bir mərhəmət hissi yoxdur.

Amma şəhərləşməmiş, oxumamış, saf kəndli kimi qalmış insanda isə dəyərlər şüuru çox yüksək olur. Sanki təhsil almış bir amerikalı kimidir… Burada çox vacib bir müşahidə var. Bunun üzərində düşünmək lazımdır.

Mənim bir analığım var idi. Anam öldükdən sonra atam onunla evlənmişdi. Biz ona “ana” demirdik, “Ayşə xala” deyirdik. Mən onda on yaşında idim, sapanla kiçik bir quşu vurmaq istəyirdim.

O dedi: “Vurma, oğlum”.

Mən isə uşaq tərzi ilə dedim: “Nə olacaq ki, barmaq boyda quşdur”.

Analığımın cavabı bu oldu:

“Yavrum! Canın kiçiyi, böyüyü olarmı? Allah hər birinə bir can verib. Vurma, oğlum, günahdır”.

Bu sözlərdəki dərinliyə baxın. O qadının oxuma-yazması yox idi. Amma mən illər sonra bu sözlərin mənasını anladım. Anladığımda ağlamağa başladım.

Bir konfransda idim, göz yaşları içində ağlayırdım. Yanımdakı amerikalı qadın təəccüblənib soruşdu: “Bu adama nə olub?” dedi.

Mən dedim: “Çox xoşbəxtəm” — ağlaya-ağlaya. Öz-özümə: “Ya Rəbbim, çox şükür, sağ ikən bunun fərqinə vardım” dedim.

Biz “Bütün insanlar qardaşdır” deyəndə sanki çox böyük bir söz deyirik. Amma o qadın bu mərhələni keçib. Onun baxışında bütün canlılar bir ailədir — böyük-kiçik yoxdur. Hamısı bərabərdir, şərəf bərabərliyi var. “Canın böyüyü-kiçiyi olarmı? Allah hamısına can verib”.

Bu şüuru görürsünüzmü? Haradan gəlir bu?

Bu, təsəvvüf mədəniyyətindən gəlir. Bu ruh xalqın içində yayılıb. Əgər şəhərləşmə və süni təhsil tam şəkildə insanı ələ keçirməyibsə, bu maya hələ də içimizdə var.

Əgər vaxtım olsaydı, heç şəhər görməmiş, oxumamış kəndlilərin, xüsusilə yaşlı qadınların arasında zaman keçirib onlardan müdriklik öyrənmək istərdim.

Bu torpaqlarda nə qədər insanlıq təcrübəsi yığılıb.

Və onlar təbiətdən qopmayıblar. Təbiətlə daim təmasda olduqları üçün bu müdrikliklər cilalanıb, saflaşıb. Bu, kitab biliyi deyil, şüurun və idrakın öz nəticəsidir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Избранный
30
1
konkret.az

2Источники