RU

Düşənbə görüşü: Bakı–Moskva münasibətləri yeni tarixi mərhələyə daxil olur

Ötən gün Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB dövlət başçılarının sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş baş tutub. Qeyd edək ki, iki ölkə liderləri sonuncu dəfə ötən ilin 8 oktyabrında Kazanda BRİCS sammiti çərçivəsində görüşüblər. Həmin tarixdən indiyədək Rusiya və Azərbaycan dövlət başçıları müxtəlif tədbirlərə qatılsalar da liderlər arasında heç bir görüş olmayıb. Hətta İlham Əliyev 9 mayda Moskvada keçirilən parada dəvət alsa da, həmin tədbirə qatılmaqdan imtina etdi, çünki dövlət başçısı çıxışlarında dəfələrlə qeyd etmişdi ki, Rusiya AZAL-ın təyyarəsinin vurulmasına görə bizim şərtləri qəbul etməkdən boyun qaçırır. Azərbaycan Prezidenti də haqlı olaraq 9 may paradında iştirakdan imtina etdi və sonacan tələblərindən geri çəkilmədi. Bu addımla Prezident İlham Əliyev prinsipial mövqeyini və qətiyyətini bir daha ortaya qoydu.

Bəs Azərbaycanın AZAL təyyarəsi ilə bağlı baş vermiş insident fonunda mövqeyi nədən ibarət idi? 

- Rusiyanın məsuliyyəti üzərinə götürməsi; 

- Təyyarə insidentinə görə üzr istənilməsi;

 - Kompensasiyaların ödənilməsi; 

- Günahkarların cəzalandırılması.

Düşənbədə İlham Əliyev və Putin arasında baş tutan görüşdə isə “hadisənin Rusiya səmasında baş verməsinə görə sizdən üzr istəyirəm və təyyarə qəzasında həlak olanların ailələrinə başsalığımı çatdırıram” deyən Putin həmçinin təyyarənin qəzaya uğraması ilə bağlı bütün məmurların işinə hüquqi qiymətin veriləcəyini də bəyan edib. Rusiya lideri bundan əlavə təyyarə qəzasında zərərçəkənlərə kompensasiyanın veriləcəyini də qeyd edib. Putinin bu dedikləri bir daha sübut edir ki, Azərbaycan təyyarə qəzası ilə bağlı bütün tələblərində haqlı olubi. Kreml rəhbərinin səsləndirdikləri fikirlər isə işin arxasında Rusiyanın dayandığının etirafı oldu.

Oktyabrın 9-da iki ölkə liderləri arasında keçirilən görüşün və Kreml rəhbərinin etiraflarını nəzərə aldıqda belə bir qənatə gəlmək olar ki, Moskva və Bakı arasında yaşanan gərginlik bundan sonra əvvəlki normal məcrasına qayıdacaq və ölkələr arasında dostluq münasibətləri öz axarında davam edəcək. Hərçənd ki, hər iki tərəfin də məhz istəyi dövlətlər  arasında yaşanan soyuq münasibətə son qoyulması idi ki, bunu da ötən gün dövlət başçıları öz aralarında çözmüş oldular. Bununla da artıq Rusiya-Azərbaycan münasibətlərinin öz tarixindəki növbəti sınaqdan da uğurlu çıxmış olduğunu demək olar.

Xüsusi qeyd etmək lazımdır ki, iki ölkə arasında yaşanan gərginlik fonunda bir sıra qüvvələr xüsusilə də Zatulin kimi deputatlar, eləcə də telejurnalistlər Simonyan və Solovyov  daim anti-Azərbaycan mövqeyi nümayiş etdirib , ölkəmizə qarşı qarayaxma kampaniyası başladan təlxəklər həmin gərginlikdən istifadə edib öz çirkin niyyətlərini gerçəkləşdirməyə can atsalar da bu da baş tutmadı. Və beləcə onların bütün xülyaları puç oldu. 

Bir sözlə, Düşənbə görüşü Azərbaycan diplomatiyasının daha bir uğuru ilə əlamətdar oldu və indi əminliklə deyə bilərik ki, bununla da Azərbaycan–Rusiya münasibətləri yeni tarixi mərhələyə daxil olur.

Daşqın HəsənovMissiya.Az

Избранный
37
50
missiya.az

10Источники