RU

Macarıstanla AB arasında dərin “casusluq böhranı” başladı...


Ramil Məmmədli: “Tərəflər arasında münasibətlər daha da gərginləşəcək”

Avropa Komissiyası Avropa mediasının araşdırmalarına əsaslanaraq, Macarıstan kəşfiyyat xidmətlərinin Aİ təsisatlarında casusluq fəaliyyətini araşdırmaq üçün xüsusi qrup yaradır. Bu barədə Avropa Komissiyasının sözçüsü Balaz Ujvari Brüsseldə keçirdiyi brifinqdə məlumat açıqlayıb: “Avropa Komissiyası bu iddiaları çox ciddi qəbul edir. Bu məlumatla bağlı daxili təhqiqat aparmaq üçün komandanın yaradılması barədə qərar qəbul edilib”.

Bundan əvvəl bir qrup Avropa media orqanı, o cümlədən Belçikanın holland dilində nəşr olunan “De Tijd” (“The Tijd”) qəzeti jurnalist araşdırmasına əsaslanan məqalə dərc edərək, Macarıstan xüsusi xidmət orqanlarının Aİ qurumlarına qarşı kəşfiyyat fəaliyyəti həyata keçirmək və onlara sızmaq üçün Brüsseldə casus şəbəkəsi yaratdığını yazıb. Məqalədə qeyd olunur ki, macar kəşfiyyatçıları Brüsseldə diplomatik pərdə altındadırlar və işə götürmə məqsədilə “Avropa qurumlarının əməkdaşlarına yaxınlaşmağa” cəhd edirlər. Media orqanları, həmçinin, Avropa Komissiyasının təhlükəsizlik xidmətlərinə ən azı bir Macarıstan kəşfiyyatçısının yerləşdirildiyini yazıb.

Bütün bu deyilənlərin fonunda, bu hadisə Macarıstan-Avropa İttifaqı münasibətlərinə necə təsir edəcək?

“Casus qalmaqalı daha çox Orbana qarşı yönəlib və məqsəd onun siyasi mövqeyini zəiflətməkdir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Macarıstanla Aİ arasında münasibətlər daha da gərginləşəcək: “Onsuz da münasibətlər Ukraynada müharibə başlayandan sonra gərginləşib. Macarıstan baş nazir Viktor Orban ölkəsinin milli maraqlarından çıxış edərək, bir sıra hallarda Brüsselin qərarlarına qarşı çıxaraq buna veto qoyur. Bu səbəbdən zaman-zaman Macarıstan rəhbərliyi Avropa ittifaqında təzyiqlərə məruz qalır. Əsas mübahisə doğuran məqam odur ki, Orban Aİ-nin Ukraynaya iqtisadi-hərbi yardım göstərməsinə qarşıdır. Orban qurumun Rusiyadan qaz idxalını azaltmasına, sanksiyalara qarşıdır. Düzdür, Slovakiya hakimiyyəti də bənzər siyasət yeridir, amma Macarıstan qədər deyil. Bu baxımdan Brüssel hər vasitə ilə çalışır ki, Orbanı sıradan çıxarsın. Ola bilsin ki, bu, gələn il Macarıstanda keçiriləcək seçkilərə hesablanıb. Yəni Orbanı gözdən salırlar ki, seçkilərdə qalib gəlməsin. Çünki belə davam edərsə, Avroittifaqda Brüsselin qərarlarına qarşı çıxan ölkələrin sayı arta bilər. Məsələ ondadır ki, Çexiyanın sabiq baş naziri Andrey Babişin rəhbərlik etdiyi ANO partiyasının 3-4 oktyabrda keçirilən parlament seçkilərində əldə etdiyi tarixi qələbə ölkədə mümkün siyasi dəyişikliklər barədə müzakirələri yenidən gündəmə gətirib. Analitiklər Çexiyanın Brüsselin siyasətinə tənqidi yanaşan Macarıstan və Slovakiya ilə eyni siyasi istiqamətdə hərəkət edə biləcəyini istisna etmirlər. Bu baxımdan hesab edirəm ki, casus qalmaqalı daha çox Orbana qarşı yönəlib. Məqsəd onun siyasi mövqeyini zəiflətmək və son nəticədə sıradan çıxarmaqdır. Çünki Rusiyanın Ukraynada apardığı müharibə uzandıqca, Aİ daxilində fikir ayrılıqları artır. Bu da Aİ rəhbərliyini ən çox narahat edən məsələlərdən biridir”.

Vidadi ORDAHALLI

Избранный
31
baki-xeber.com

1Источники