RU

Ramiz Mehdiyevə qarşı 3 ağır İTTİHAM – Onu hansı CƏZA gözləyir?

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayon məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq sədri Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.
 

Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.


R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Bəs Prezident Administrasiyasının sabiq rəhbərini bu maddələrə əsasən hansı cəza gözləyir?

Dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərin qeyd olunduğu 278.1-ci maddədə qeyd edilib ki, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərdir. Bunun cəzası isə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmədir.

Maddə 274-də yazılıb:

Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə.

Bu cinayəti törədənlər on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 

Maddə 193-1.3.2 - cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Qeyd edək ki, Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsində "xeyli miqdar" dedikdə əlli min manatdan artıq məbləğ başa düşülür.

Xatırladaq ki, maddələrdə ömürlük azadlıqdan məhrumetmə cəzası göstərilsə də qanunvericiliyə görə, ömürlük həbs barədə hökm çıxarılana qədər 65 yaşına çatmış kişilərə şamil olunmur.

Günay Şahmar, Bizim.Media

Избранный
40
1
bizim.media

6Источники