RU

“Dövlət tibb müəssisələrində abort otaqları ləğv edilib” - Məleykə Əlizadə / VİDEO

İctimai TV-də yayımlanan “Sabaha saxlamayaq” verilişinin qonağı “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə ailə dəyərləri, selektiv abortlar və qadınların cəmiyyətdəki rolu mövzusunda fikirlərini bölüşüb.

QHT.az xəbər verir ki, Məleykə Əlizadə bildirib ki, ailədə sağlam münasibətlərin formalaşması cəmiyyətin əsas dayağıdır:

“Əgər ailədə qarşılıqlı sevgi və anlaşma yoxdursa, o zaman ailə institutu da yoxdur. Hər bir uşaq sevgidən dünyaya gəlməlidir. Sevgi yoxdursa, o uşağın gələcəyi də sual altındadır. Təəssüf ki, bəzi ailələrdə ata ilə ana arasında övladlara yanaşma fərqli olur – oğlan uşağı daha çox atanın himayəsində, qız uşağı isə ananın öhdəsində qalır. Bu, yanlış ənənədir və dəyişməlidir.”

QHT sədri həmçinin ataların qız övladına münasibətində ictimai təsirlərin mühüm rol oynadığını vurğulayıb:

“Bəzən atalar ətraf mühitdə gördüklərinə əsasən qız uşağının böyüdülməsinə fərqli yanaşır. Amma bu gün ölkəmizdə elmi fəaliyyətlə, texnologiya ilə məşğul olan, beynəlxalq uğurlar qazanan çoxsaylı qadınlarımız var. Reyhan Camalova kimi gənc alimlər buna bariz nümunədir. Selektiv abortlar məsələsinə də toxunsaq biz bu mövzu ilə bağlı araşdırma aparırıq və dövlətə təqdim olunacaq sənəd hazırlanır. Əvvəllər Azərbaycanın selektiv abort göstəricilərinə görə dünyada ön sıralarda olması bizi narahat edirdi. Lakin bu, səhiyyə sisteminin elektron qeydiyyata keçməsi ilə əlaqədar idi. Artıq dövlət tibb müəssisələrində hər bir müayinə qeydiyyata alındığından selektiv abortların real statistikası bəlli oldu. Əvvəllər bu hallar qeyri-rəsmi şəkildə həyata keçirilirdi.”

Məleykə Əlizadə sonda vurğulayıb ki, hazırda dövlət tibb müəssisələrində abort otaqları ləğv olunub və yalnız tibbi göstəriş olduqda hamiləliyin pozulmasına icazə verilir:

“Həkimlərin dediyi kimi, yalnız ciddi tibbi zərurət olduqda abort aparılır. Özəl klinikalarda isə vəziyyət fərqlidir, bu istiqamətdə nəzarət daha da gücləndirilməlidir. Qadınların sağlamlığı, ailə institutunun möhkəmləndirilməsi və doğuşa müsbət yanaşmanın formalaşması dövlət və cəmiyyət üçün prioritet məsələ olmalıdır".

Pərvanə Fərhadqızı

Избранный
88
10
qht.az

10Источники