BAKI, 17 oktyabr. TELEQRAF
"Maksimal hava temperaturu 36 dərəcəni keçdikdə ölüm göstəriciləri kəskin artır. Erkən xəbərdarlıq bu risklərin azaldılmasına imkan verən mühüm alətdir".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Üçüncü Milli Şəhərsalma Forumunda (NUFA3) çıxışı zamanı deyib.
O qeyd edib ki, istilik dalğaları İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) tərəfindən əsas iqlim risklərindən biri kimi müəyyən edilib:
“İqlimlə bağlı bütün risk və çətinlikləri nəzərə alaraq, uyğunlaşma şəhərlərin və icmaların dayanıqlığının təmin olunmasında əsas rol oynayır.
İqlim amilləri ilə bağlı ciddi problemləri nəzərə alaraq, biz Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edirik ki, ekstremal temperaturla əlaqədar insan sağlamlığına mümkün risklərin qarşısını almağa kömək edək. Milli Uyğunlaşma Planı çərçivəsində maliyyələşdirilən digər tədqiqat isə Bakıda maksimal hava temperaturu ilə ümumi ölüm halları arasındakı əlaqəni araşdırır. Bilindiyi kimi, insan sağlamlığı üçün rahat temperatur adətən 24–28 dərəcə arası hesab olunur.
Müşahidələr, tədqiqat məntəqələri və müvafiq tədbirlər əsasında onlar iqlim dəyişikliyinin mümkün nəticələrinə qarşı tədbir görə bilirlər. Mən əminəm ki, erkən xəbərdarlıq sistemləri uyğunlaşma tədbiridir, çünki uyğunlaşma hadisədən sonra “nə etmək olardı” sualı ilə başlamamalıdır”.